Month: October 2011

Mentalitet yoxsa Hüquqların pozulması?

Hər bir xalqın özünəməxsus adət-ənənələri, milli mentaliteti var, və xalqlar öz adət-ənənələrini qoruyub saxlamağa çalışırlar. Azərbaycan xalqının da tarixini özündə birləşdirən adət – ənənələri, milli mentaliteti mövcuddur. Lakin bugün milli mentalitetdir deyə, bəzi fikirlər var ki, inkişaf edən cəmiyyətdə bu elə də yaxşı qarşılanmır.
Məsələn, qızların azad seçiminin olmaması, onların təhsildən yayındırılması, erkən nigaha sövq edilməsi, ailə qurarkən fikirlərinin nəzərə alınmaması – bir sözlə gender bərabərsizliyi.

Qadın böyük qüvvədir. Qadın həm ana, həm bacı, həm övlad, həm də həyat yoldaşıdır. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbər belə bir fikir söyləmişdir: “Cənnət anaların ayaqları altındadır”. Əgər kişi evin başçısı, idarəedicisidirsə, qadın da evin qurucusu, döyünən ürəyidir. Lakin Azərbaycanın bir çox bölgələrində, xüsusən də kənd yerlərində qadınların hüquqlarının pozulması hallarına tez-tez təsadüf edilir. Belə ki, qadınlara bizim cəmiyyətdə qul kimi münasibət bəsləyirlər. El arasında belə bir fikir formalaşmışdır: “Arvad, kişi nə deyirsə onunla qeyri-şərtsiz razılaşmalıdır, kişi heç vaxt yanılmaz, həmişə doğru edər”. Bu fikirlə mən razılaşmıram, çünki həyatda səhvsiz insan yoxdur. Kişilər də səhv edə bilər. Qadınlara qul kimi yox, onlara sözün həqiqi mənasında həyat yoldaşı kimi münasibət bəslənməlidir.

Azərbaycanda qızlarımızın təhsildən uzaqlaşdırılıb, erkən nigaha cəlb olunması çox geniş vüsət almışdır. 6 – cı sinifdən sonra artıq qızlarımızı ərə getməyə hazırlayırlar. Bu işdə analar böyük rol oynayırlar. Nəzərə almırlar ki, onların hələ uşaqlıq arzuları var, oxumaq istəkləri var. Belə olduqda 9 – cu sinifdə artıq həmin qızlar nişanlanır və təhsilə bir dəfəlik “əlvida” deyirlər. Ailə qurarkən isə özlərindən yaşca xeyli  böyük insanlara verirlər. Doğrudur, bəzi qızlar var ki, belə evliliklərə özləri razılıq verirlər. Amma dəfələrlə şahidi olmuşam ki, həmin qızların hələ hər şeyi yaxşı dərk etməyən “uşaq”beyinlərini şöhrətlə, pulla doldururlar, və istədiklərinə nail olurlar.  Evlilikdən sonra isə bu qadınlar demək olar ki, qadınlıqdan çıxırlar, sanki bir maşın rolunu icra edirlər. İncə məxluqdan əsər – əlamət də qalmır.

Erkən nigahlara qarşı tədbirlər görülsə də, hələ ki istənilən nəticə əldə olunmamışdır. Belə ki, el “ağsaqqalları” Quranda erkən nigahların əleyhinə bir şey olmadığını əllərində bayraq tutaraq, öz istədiklərini icra edirlər. Çox ailə tanıyıram ki, heç onların rəsmi nigahı da yoxdur, sadəcə “Molla kəbini” deyilən bir nigah qıyılır. Boşanma halları olanda isə, qadınların hüququ tamam pozulur. “Molla kəbini” rəsmi nigah sayılmır. Hərçənd ki, bu molla kəbininin nə işə yaradığı mənə hələ də qaranlıq qalır. Bəzi qızlar da tanıyıram ki, 15 yaşında ərə gedirlər. Yaşları nigaha düşmədiyi üçün bir neçə il qeyri – qanuni olaraq yaşayırlar.

Azərbaycanda qadın zorakılığına da tez – tez rast gəlinir. Kişi evə gec gələndə, və yaxud da evə “çörək pulu” gətirməyib, günlərini çayxanalarda keçirəndə vay o gündən ki qadın səsini çıxarar….konsert başlayır; dava – qırğın çıxır göyün bir qatına, söyüşün biri bir qəpik…qonşular yığılır qapıya…vur çatlasın… Boşanmaq istəyəndə isə el ağbirçəkləri yığışıb qadını ağ yuyub, qara sərirlər ki, bəs eldən – obadan ayıbdır….kişi adamı söyər də, döyərdə…..bir sözlə beləcə ömrünü vur başa….indi fikirləşin bu ailədə böyüyən uşaqların gələcəyini…..

Mən boşanmaların tərəfdarı deyiləm,əsla….demirəm qadın nə deyirsə o olmalıdır….xeyr….amma ailə məncə, müqəddəs bir “dövlətdir”…bu dövləti həm kişi, həm də qadın qoruyub, ayaqda saxlamalıdır. Bir – birinə hörmət və sevgiylə yanaşmalı, arxa – dayaq durmalıdırlar. Sözün həqiqi mənasında bir –birinə “həyat yoldaşı” olmalıdırlar……bax budur əsl ailə…..və təbii ki, əsl ailəyə o zaman sahib olmaq mümkündür ki, hər iki tərəf ailənin nə demək olduğunu dərk etsinlər. Uşaqcasına yox, yetkin bir insan kimi düşünməyi bacarsınlar….Təhsil isə bu işdə böyük rol oynayır. Gender bərabərsizliyinin aradan qaldırılması üçün qızlarımızın təhsildən uzaqlaşdırılmaması və erkən nigahlara qarşı ciddi tədbirlər görülməlidir. Mənə elə gəlir ki, nigaha daxilolma yaşının 17 yaşdan 20 yaşa qaldırılması daha yaxşı olardı….

Advertisements

“Valideynlər və Uşaqlar”

Ailə…Hər bir ailə özü-özlüyündə kiçik bir “dövlət” hesab olunur. Bu kiçik “ dövlətlər”in özlərinə xas qanun – qaydaları vardır. Valideynlər ailənin “ağacı”, uşaqlar isə bu ağacın “meyvə”ləridir. Ağacla bar arasında dərin və sarsılmaz bağlar mövcudddur. Lakin bugün Azərbaycan ailələrində böyük problemlər gözə çarpır. Hər bir valideyn uşaqlarının gələcəyi, onların xoşbəxt yaşamağı üçün çalışır, övladlarının həyatda çətinliklərlə qarşılaşmasını istəmirlər. Bunun üçün də özlərinin doğru bildiklərini uşaqlarında aşılamaq istəyirlər. Belə olduqda çox vaxt uşaqların fikrini soruşmurlar, onların arzu və istəkləri nəzərə alınmır. Nəticədə böyük ziddiyyətlər ortaya çıxır. Hətta belə ziddiyyətlərin sonu yaxşı sonluqla nəticələnmir. Valideynlər övladlarının istədiyi peşəni seçməsinə, istədikləri insanla ailə qurmasına bəzən mane olurlar. Ümumiyyətlə cəmiyyətimizdə belə bir fikir formalaşmışdır ki, böyüklər nə deyirsə, nə edirsə haqlıdırlar. Unutmamaq lazımdır ki, bəzən böyüklər də yanılırlar. Adətən ata – analar övladlarının istədiyi peşəni seçmələrinə çox qarışırlar. Bu işdə çörək yoxdur, mənasız işdir və s. kimi ifadələr işlədirlər. Bu isə uşaqlarda xəyal qırıqlığı, özünəqapanma, inamsızlıq və ümidsizlik yaradır. Ailə qurmaqda da valideynlərlə uşaqlar arasında dərin ziddiyyətlər meydana çıxır. Belə ki, valideynlər uşaqlarının imkanlı, pulu çox olan insanla ailə qurmasını istəyirlər. Belə olduqda uşaqların fikri, arzuları nəzərə alınmır. Bu hal qızların ailə qurmasında daha çox özünü göstərir. Ata – analar övladlarına həm peşə seçməkdə, həm ailə qurmaqda, hərtərəfli dəstək və kömək olmalıdırlar. Onları danlamaqla yox, tutduqları yolda uğur qazanmaları üçün dəstək və məsləhətlə kömək olmalıdırlar. Ola bilsin ki, səhv edirlər, hər halda səhvsiz insan yoxdur. Önəmli olan bu səhvlərdən nəticə çıxarmaqdır. Valideynlər isə belə səhvlər üçün danlamaqla və özlərini hər vəchlə haqlı çıxarmaqla kifayətlənirlər. Bütün bunlar uşaqların psixologiyasına mənfi təsir edir. Onlarda depresiya yaradır və etdikləri səhvləri təkrar – təkrar edirlər….

Əgər oğlan və ya qız öz istədikləri peşəni seçiblərsə və ya öz istədikləri insanla ailə qurubsa, sabahı gün həmin gənclər bir problemlə üzləşəndə, valideynlər məsləhət vermək əvəzinə, onları danlayır, özlərinin seçimləri olduğunu söyləyirlər. Ona kömək etmək əvəzinə, olan – qalan ümidini də məhv edib, onları canlarından bezdirirlər.

Bugün valideynlərlə uşaqların arasındakı “mentalitet” adı altında pərdə Azərbaycan ailələrinin ən böyük məğlubiyyətidir. Ata – anasına öz fikirlərini, ürəyindən keçənləri, söyləyən uşaqlara, hətta tərbiyəsiz deyənlər də az deyil. Onların arasındakı uçurum uşaqların həyatına belə mənəvi cəhətdən son qoya bilir. Ən çox da atalarla qızların arasındakı “pərdə”. Vasitəçi çox vaxt ana olur…

Əziz valideynlər! Övladlarınızla dost olun! Onların üstünə getməklə, hər vasitə ilə onlara, haqsız olduqlarını deməklə, onların həyatlarını qurmasına, öz yollarını tutmasına mane olmaqla, heç nə əldə edə bilməyəcəksiz. Onların da fikrinə hörmətlə yanaşın, onların şəxsiyyət kimi formalaşmasına dəstək olun. Unutmayın ki, dəstək olmaqla, siz öz övladınızla, bir gün mütləq, qürur duyacaqsınız!……..