Month: December 2011

“Sumqayıtda bir gün”

Dekabr ayının 3 – ü Qafqaz Universitetində Sumqayıt Bloq Günü keçirildi. Bloqçuluğa marağım çox böyük olduğu üçün məndə ərizə göndərdim və iştirakçı hüququ əldə etdim. Mənim üçün maraqlı bir tədbir oldu. Amma xüsusi önəm daşıyan isə Sumqayıt şəhərilə tanışlıq idi. Belə ki, 1 – ci günün yarısında Sumqayıt şəhərinə tur başladı. Bu turda bizə Sumqayıt şəhərindən ola Zahid və Emil köməklik etdilər. Mən, Ramiz, Emil və Zahid – 4 müşketyor düşdük şəhərin canına…Qeyd edim ki, Sumqayıt şəhərini hər zaman “Qara Şəhər” kimi təsəvvür edirdim. Amma gördüyüm reallıq ağlımdakı “Sənaye Şəhərin”dən tamamilə fərqli idi.  İlk öncə Sumqayıt Şəhidlər Xiyabanına baş çəkdik. Şəhidlərimizin məzarlarına baxanda həm qürurlandım həm də çox təəssüfləndim. Təəssüfləndim ona görə ki, hələ də onların qanı yerdə qalıb. Canlarını vətən yolunda qurban verdilər, amma arxadan vuruldular bir çoxları…..Qarabağ isə hələ də işğal altındadır…. Daha sonra Sumqayıt şəhər stadionuna, Olimpiya kompleksinə, parka və digər görməli yerlərə baş çəkdik. Şəhər həqiqətən gözəl təəssürat bağışladı mənə. Parkda diqqətimi çəkən olaylardan biri də parkın içindəki “Qarabağ” kafesi oldu. Sumqayıtda Qarabağa aid ad belə olsa görmək mənim üçün maraqlı idi. Şəhərin görünməyən tərəfləri də vardı, məsələn, görünməyən zibilliklər və ağaclara ilişib qalmış zibillər mənzərəyə kölgə düşürürdü.

Görünən küçələr çox təmiz idi, şəhərdə abadlıq işləri aparılsa da, ümumi mənzərə qənaətbəxş sayılırdı. Xüsusən Olimpiya Kompleksi diqqətimi daha çox cəlb etdi, hər cür şərait demək olar ki, yaradılıb.

Azərbaycan futbolunun ürəkaçan olmamasına baxmayaraq, Sumqayıt şəhər stadionu da yaxşı hesab edilə bilər. Şəhərdə ən çox diqqətimi cəlb edənlərdən biri də “Yeganə Ucuz Market” adıyla qarşıma çıxan market oldu. Marketə niyə məhz bu adın verildiyi mənim üçün təəccüblü oldu. Gəzintinin sonuna yaxın – axşamüstü yağış yağmağa başladı. Sakit və aramla yağan yağış gəzintimizə daha da maraq qatırdı. İşıqlı küçələrdə, sakit yağış və bir az da küləkli havada gəzintimizin sonuna yaxınlaşırdıq. Sonda isə Sumqayıt ailələrinin birinin evində qonaq olduq. “Ağarzayevlər” ailəsi bizi çox mehribançılıqla qarşıladı. Mehriban və gülərüz ailə və bir də gözəl bir oğlan övladı….Milli mətbəximizin ləziz təamları süfrədə öz yerini almışdı. Hələ bir də gəzib yorulmusansa, bu yeməklərin dadı bir başqa gözəl olur. Qonaqlıqda həmçinin bizə Gülnaz müəllimə də yoldaşlıq etdi, Sumqayıt haqqında və hər birimizin yaşadığı rayon və şəhər, gənclər, bir millət kimi formalaşa bilməsək də, xalqımızın keçmişi və gələcəyi və s. haqqında maraqlı söhbətlər….Bir sözlə birinci dəfə gördüyüm Sumqayıt şəhəri və tanış olduğum yeni dostlar – Emil, Zahid, Ramiz, Gülnaz müəllimə, onun qızı Şəkər xanım və Ağarzayevlər ailəsi mənim üçün xoş təəssürat yaratdı. Sonda isə Dahi Bəstəkarımız Üzeyir Hacıbəyovun adını daşıyan parkla tanışlıq lap yerinə düşdü, məlum olduğu kimi indi dahilərimizin adına park tapmaq çox çətin məsələdir. Axı hər şey “Ümummilliləşdirilir”…..