Month: May 2012

Bakı – müstəqil şəhər, Azərbaycan – məhvə məhkum ölkə….

Nəhayət ki, 2 həftə sonra Bərdə, Ağdam və Tərtər rayonlarından götürdüyümüz sorğunu başa vurduq. Sorğu prosesində bir çox situasiyalarla qarşılaşdım. Bəzilərini yazmaq və sizlərlə paylaşmaq istədim.

Ilk öncə mənim ən çox təəccübümə səbəb olan hadisədən başlayım; eyni Azərbaycanın fərqli düşünələrindən, fərqli həyatından…bugün paytaxt Bakı ilə rayon və kəndlər arasında yerlə göy qədər fərq vardır. Elə böyük bir fərq ki, insanı, sözün həqiqi mənasında, kədərləndirir. Kəndlərimizdə əhalinin yaşayış səviyyəsi çox aşağıdır; işsizlik, yoxsulluq, savadsızlıq, texnologiyadan uzaq, ölkədə baş verən hadisələrdən (gerçək hadisələrdən) yalnız Azərbaycan telekanallarının verdiyi məlumatlarla kifayətlənən, təhsildən və elmdən, kitablardan tamailə uzaq olan gəncliyimiz, sanki bütün dünyadan bixəbər bir mühit…çox acınacaqlı və dəhşətli mənzərələrdir.

Bizi görərkən, yaşayışın çox ağır olduğunu, güclə dolandıqlarını söyləyirdilər, sanki mən xilaskaram, ürəklərini boşaltdılar. Heç kimin onlarla maraqlanmadığını, yuxardakıların kef ilə dolanıb, kasıbların acından öldüyünü söylədilər. Bütün bunları məndə bilirəm, amma hamısının dediyi bir cümlə var idi: “Allah prezidentimizin canını sağ eləsin, o olmazsa, biz nətər olardıq?”…bəs onda niyə şikayətlənirsiniz? əgər prezidentinizdən razılıq edirsinizsə, niyə “çox pis vəziyyətdə yaşayırıq” deyirsiz? Məgər bu ölkənin başında duran “sizin ağız dolusu qurban olduğunuz prezidentiniz” deyilmi?

Yaşlılar təqaüdlərilə ailəni dolandırır, və prezidentə dua edirlər, ortayaşlı kişilər çayxana və mağazaların qabağına toplaşıb, domino, nərtaxta və s. oynaya – oynaya işsizlikdən, ölkənin vəziyyətindən danışırlar, qadınlar telekanallarda seriallara və evləndirmə verlişlərinə baxırlar, qızlar da həmçinin. Cavan oğlanlar o məhlə sənin, bu küçə mənim gəzib, Üzeyirin “mənalı” mahnılarına qulaq asırlar. Təhsil verən yox, kitab oxuyan yox. Üstəlik nə düzəməlli məktəb var, nə baxça, nə kitabxana….heçnə yox… bütün bunlar gerçək Azərbaycandır – onun real mənzərələridir.

Keçək paytaxt Bakıya – yəni fərqli “dövlətə”. Bildiyimiz kimi, bu il Bakıda Avroviziya musiqi yarışı baş tutacaq. Bu kiçik bir ölkə üçün çox önəmlidir. Bakıda hər şey dəyişib, “inkişaf edir”. Hər yer müasirləşdirilir. Hətta dilimiz də. Bu yaxınlarda Bakıya yolum düşmüşdü. Küçədə gəzərkən, bir nəfər Azərbaycan dilində danışanla rast gəlmək, demək olar ki qeyri – mümkündür. Rus dili və ingilis dilində danışılır. Hökümətimiz isə orta məktəblərdə rus dili tədrisini dərs proqramlarından çıxardı. Bu açıq aşkar xalqı qoyunlaşdırmaq, və Bakını Azərbaycandan ayırmaq siyasətidir. Avroviziyaya ev sahibliyi edən bir ölkənin digər rayonlarda yaşayan əhalisinin belə acınacaqlı bir vəziyyətdə yaşaması, “inkişafından” fəxrlə danışan bir hökümət üçün təhqirdir. Kaşki, Bakıya gələn tursitlər, rayon və kəndlərə də gəlsinlər…onda görərlər, əsl “yaşayışı”…

İnsanların beyninə elə yeridiblər ki, ancaq qarnını düşünməsini, ancaq bugündən sabaha sağ çıxa bilməyi… əhali ölkənin sosial – siyasi vəziyyəti haqqında heçnə düşünə bilmir, sanki beyinləri paslanıb, öz tarixi keçmişlərini belə siliblər. Bugün Azərbaycannın tarixinə aid nə varsa, silirlər, M.Ə.Rəsulzadəyə aid bütün küçə, elm ocaqlarının adları dəyişdirilir….

Gül bayramı, qurtuluş günü, qayıdış günü kimi saxta bayramlarla xalqın beynini, keçmişini silirlər… “ümummillilik” xəstəliyi artıq həyatımızı iflic edib.

Mənim Azərbaycanın gələcəyinə olan ümidlərim get – gedə ölür, bir neçə illərdən sonra Bakı müstəqil, cırtdan Avropa şəhəri olacaq….Əsl Azərbaycan isə bu gedişlə məhvə məhkumdur….