Month: June 2012

Getmək istəyirəm….

Elə anlar olur ki, insanın həyatında bəzən….hər şeydən və hər kəsdən bezir. Hər şeyə və hər kəsə nifrət edir. Və heç bir şeyi fikirləşmədən getmək istəyir – sevdiklərindən, doğmalarından, yaxın olanlardan və xatırladan hər bir xatirədən…elə istərdim ki, məndə gedə bilim, suallardan, fikirlərdən, qınaqlardan uzaq bir yerdə yaşamaq, heç kimin niyə, nə vaxt, harda, kim, kiminlə, nə qədər və s. suallarından uzaq olmaq üçün. Elə bir dünya varmı görəsən? Hər şeydən uzaq olan bir dünya, haqsızlığın olmadığı, qınaqların olmadığı, bezdirici sualların olmadığı, kinin, nifrətin yox olduğu bir dünya – varmı, görəsən? Yoxdur!!!!! Bəs onda niyə deyirlər ki, “Dünyanı gözəllik xilas edəcək”, axı bu gün kimi aydın bir yalandır…..

Kaş ki məni də anlaya bilən olardı, əsəbi vaxtımda, depresiyaya düşəndə, canımdan bezəndə məndən inciyən yox, mənə dəstək olan sevdiklərim olardı…suallar yağdırmaqla yox, hisslərimi anlamaqla, məsləhət verməklə, yol göstərməklə mənə dəstək olan sevdiklərim olardı….o qədər ağır gəlir ki, mənə, ən pis hiss etdiyin vaxtda, əlavə mənasız suallarla canımdan bezdirən hallar, …daha da çökürəm sanki…

Ya imkan verin, tək qalım, ya da mənasız suallarla canımı sıxmayın, həyatımı zəhər etməyin…mənə minnət vurmayın! Bunları niyə yazıram ki? Onsuzda dəyişən heçnə yoxdur. Mənə qalan yalnız mən olacağımı hər gün daha da çox dərk edirəm. Kimsədən dəstək istəməyin mənası yoxdur. Əslində heç həyatın da mənası yoxdur. Həyatda nə üçün yaşayırıq, heç onu da dərk edə bilmirəm….

Hər şeyə və hərkəsə nifrət etdiyimi söyləsəm də, yalan danışıram, gözümün içinə kimi yalan danışıram…mən sevdiklərimi – ailəmi, doğmalarımı, dostlarımı hər şeydən çox sevirəm. Nifrət etdiyim yeganə şəxs var ki, o da MƏNəm. Mənə lazım olan sadəcə, dəniz, sakitlik, və yalqızlıqdır…..getmək istəyirəm…sonsuzluğa…….

Bloggerlərin 3 günlük Bakı səfəri

7 iyun 2012 – ci il tarixində səhər tezdən yuxudan oyananda, ilk düşündüyüm “bugün çox ağır gün olacaq” idi. Ilk öncə Tərtərdə – Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Azərbaycan Gənclərinə Dəstək” proqramı çərçivəsində konfrans, daha sonra Bakıya Avrasiya Əməkdaşlıq Fondunun “Vətəndaş jurnalistikası elektron media” layihəsi çərçivəsində təşkil etdiyi təlimə gəlmək lazım idi.

Tərtərdəki konfrans çox maraqlı keçdi. Aparıcı kimi işimin öhdəsindən gələ bilmişdim, üstəlik Bərdə qrupu olaraq, göstərdiyimiz aktivlik hamının xoşuna gəlmişdi.

Müsbət əhval – ruhiyyə ilə də 5 yoldaş düşdük yola – Tərtərdən Bakıya. Marşrutda sadəcə biz vardıq – Jalə, Zülfiyyə, Vəfa, Namaz və mən. Ordan bura deyib – gülərək, əylənərək, gəlib çatdıq otelə. Elə ilk gündən uşaqlarla mehribanlaşdıq. Düzdür, facebookdan uşaqların əksəriyyətini tanıyırdım, real aləmdə, daha çox tanıdım. Həqiqətən super uşaqlar idi. (Könülü xüsusilə vurğulamaq yerinə düşər 😉 ). Növbəti gündən başladıq təlimlərə – fotobloqqinq, insan haqları, liderlik. Təlimlər maraqlı keçdi, fasilələrdə oynanılan oyunlar təlimi daha da maraqlı edirdi. Oyunlarda əsl mübarizə var idi. Stola otura bilmək üçün “qırğın gedirdi, yerə yıxılan kim, burnunu qıran kim, qolunu əzən kim, yıxılanlara baxmayaraq, stolun hayına qalan kim. Bir sözlə, möhtəşəm 3 gün yaşadıq. 🙂

 Mənim üçün ən maraqlı hissə isə fotobloqqinq oldu. Ümumiyyətlə bu sahəyə həvəsim olduğu üçün, mənim üçün bir başqa əhəmiyyət kəsb edirdi.  Çox maraqlı məlumatlar əldə etdim, gələcəkdə bu məlumatlar çox işimə yarayacaq.

3 gün boyunca öyrənməklə yanaşı həm də əyləndik. Hər axşam yeməkdən sonra oynadığımız oyunlar – mafya, butulka firlatma, da vinçi şifrəsi əsl istirahət idi, da vinçi şifrəsini ilk dəfə oynayırdım, əsl macəra idi. Rəhman bizə bütün mərtəbələri gəzdirdi, şifrələri tapmaq üçün. Gecə gec saatlara qədər maraqlı söhbətlər lap yerinə düşürdü. Ilk dəfə bowling oynayırdım, və 2 – ci yerə çıxdım, məncə  pis nəticə deyildi. Təlimlərin sonuncu – 3 – cü günü Reyhanın doğum günü partisi əyləncəmizin pik nöqtəsi oldu. Uzun zaman idi ki, belə əylənməmişdim.

Bugün təlimi başa vurduq, uşaqlardan ayrılmaq çətin olsa da, əminəm ki, biz yenə görüşəcəyik.  Təşəkkürlər, Avrasiya Əməkdaşlıq Fondu 🙂

GLOW təəssüratlarım

İyun ayının 1, 2 və 3 – ü Mingəçevir şəhərində GLOW TOT – da olduq. Gözəl Kürqırağı mənzərəli məkan, rahat otel, hər şey super idi. Demək olar ki, Azərbaycanın bir çox bölgələrindən xanımlar var idi, hamısı da mehriban, savadlı və gözəl xanımlar. Əvvəlcə tanışlıq oldu. Tanışlıqda heç də çətinlik çəkmədim., çox tez qaynaşdım xanımlarla. Tanışlıqdan sonra sessiyalar başladı. Mehriban təlimçilər və Sülh Korpusu könüllüləri, maraqlı müzakirələr, xanımların maraqlı fikirləri – bir sözlə hər şey çox maraqlı idi.

Mənim üçün sürprizli və maraqlı anlar var idi. Məsələn, 2 ilə yaxındır ki, facebookda dostum olan, lakin real həyatda ilk dəfə GLOW – da Aynur Qarayeva ilə görüş, çox sevdiyim Alma xanımla yenidən görüşüm, Aynur Atayeva, Ulviya Calilova, Könül Abaslı, Nərgiz Məmmədova və digər xanımlarla tanışlığım məndə xoş təəssüratlar yaratdı. Təlimçilərimiz Gülşən və Radə sessiyaları daha da canlı etdilər. Radə xanımı daha öncə telefondan tanımışdım, iş üçün telefonla söhbətləşmişdim. Radənin bu qədər mənə yaxın xasiyyətli olduğunu heç düşünməzdim. Görüşəndə, ona qarşı o qədər böyük məhəbbətim yarandı ki…bu xanım həqiqətən super xanımdı ( tam mənim tipim 🙂 ). Dəli dolu, cəsarətli, və istədiyi kimi yaşayan….super bir sözlə…və gülərüz Amerikalı dostlarımız – belə həftə sonundan kim narazı qalar ki….:)

Sessiyada ən çox yadımda qalan hissələrdən biri də Radə xanımın sessiyası oldu – cəsarətlilik və qorxuya qalib gəlmək. Mənə bəlkə də ən çox lazım olan, cəsarət idi. Demək olar ki, əldə etdim. Ömürlük yaddaşıma həkk olunan cümlə: “Heç bir maneədən qorxmayın, çünki uğur qanadları hər zaman küləyin tərs istiqamətində hərəkət etsədə,yenə də uçmağa kömək edir”….bu kəliməni eşitməyə ehtiyacım var idi. Artıq nə istədiyimi dəqiq bilirəm, və cəsarətsizliyim yox oldu. Məqsədimə çatmaq üçün necə etməliyəmi tapdım…

Hər şey üçün təşəkkürlər Peace Corps 🙂