Month: December 2012

Mənəvi zorakılığın qurbanları

Demək olar ki, hər gün rastlaşdığımız bir ifadə var: gender. Gender qadın və kişilərin hüquqi baxımdan bərabərliyi mənasını daşıyır. Bizim cəmiyyətdə isə ən çox qadınların hüququ pozulduğuna görə gender deyəndə, kişilərin ağlına ilk gələn “qadınların hakimiyyəti” olur. Maraqlısı isə odur ki, kişilərə dəstək verən də elə qadınların özü olur.

Keçim mətləbə; dediyim kimi qadınlar ən çox zorakılığa məruz qalan varlıqlar hesab olunur Azərbaycan cəmiyyətində. Mən fiziki və ya cinsi zorakılıqdan danışmayacam, insanı canından bezdirən və hətta intihara sövq edən mənəvi zorakılıqdan danışıram. Bu hal adətən qızların arzu və istəklərini dilə gətirməsi zamanı meydana çıxır. Belə ki, qızlar (təhsil almaq və ya davam etdirmək istəyənlər) valideynlərinə və ya qohumlarına təhsil almaq istədikləri haqqında fikirlərini söylədikdə çaxnaşma düşür. Valideyn və qohumlar düşür həmin qızın üstünə; “Neynirsən təhsil alıb, nəyinə lazımdır, məktəbi bitirən kimi verəcəm birinə gedib ailə quracaqsan, uşaqlarını böyüdəcəksən” və s kimi köhnəlmiş, amma Azərbaycan üçün (xüsusən də kəndlər üçün) aktual olan ifadələr… hələ ki, ali məktəbi oxumusansa, və karyera qurmaq, təhsilini davam etdirmək istəyirsənsə, bu sənin üçün ikiqat zülümdür. Çünki “sənin “yaşın keçir”, artıq 22 – 23 yaşın var, camaat nə deyər, hamı deyir qızını niyə vermirsən, da yaşı da keçir, sonra kim alajax” və .s.  əgər qarşı çıxırsansa, deməli sən tərbiyəsizsən, böyükərinin sözündən çıxırsan, onlara qulaq asmırsan. ən çox işlətdikləri cümlə “ağzınız isti yerdədi, bilmirsiz heç nəyi”, “bizdə qocalırıq, nəvə görmək istəyirik” və s. Bu işdə canfəşanlıq edənlər isə nəslin “ağbirçəkləri” – başda analar, bibilər, xalalar və nənələrdir. Gecə – gündüz beyin yemə işi aparılır, “öyüd – nəsihət” günləri keçirilir, qızı alırlar ortaya, başlayırlar, hərəsi bir tərəfdən beynini çürütməyə… və qızların dünyasını beləcə məhv edirlər. Heç bir fiziki zorakılıq olmadan, mənəvi zorakılıqla…Elə gender bərabərliyinin pozulmasına ən böyük təsir göstərən də məhz, qadın olur…Məgər savadlı gələcək üçün, savadlı ana yetişdirmək pisdirmi?..

Əgər kənddə yaşayırsansa, və kənd içinə çıxırsansa, günün lap qaradı, ətrafdan hamının verdiyi ilk sual:  “niyə ərə getmirsən? Sənin tayların çoxdan gedib, ailə uşaq sahibi olublar”… verə biləcək cavabın belə olmur, onsuz da onlar səni, sənin arzularını anlamayacaqlar. Hər kəs öz aləmində haqlıdır… axı həyat sənindirsə, başqaları niyə bu qədər müdaxilə edirlər?!!

Çox vaxt valideynlər anlamır ki, övladlarına nə qədər zərər vururlar, onlar öz aləmlərində övladları üçün yaxşılıq etdiklərini düşünürlər, əslində, övladlarının arzularını necə məhv etdiklərini görmürlər, düşünmürlər ki, cəmiyyətin dediklərindən əvvəl, övladlarının xoşbəxtliyi daha önəmli olmalıdır, kənradan kim nə deyirsə desin. Onsuz da Azərbaycan cəmiyyətində başqalarının deməyə sözü həmişə var və olacaq. Cəmiyyətdən qabaq, öz övladınızın nə istədiyini aydınlaşdırıb, özləri ilə söhbət etsəniz daha yaxşı olar….

Övladlarınızı mənən intihara sövq etdiyinizi görə bilsəniz, onları daha yaxşı anlayarsız, əziz böyüklər…

imagesCAO6TC58 (c)

“Bir gəncin uşaqlığı”

Uşaqlıq…hər anı yaddaşımıza həkk olunan gözəl dövr… amma hamı üçün uşaqlıq xoş xatirələrlə yadda qalmır, bəziləri isə, demək olar ki, uşaqlığını uşaq kimi yaşamır…. qəhrəmanımızın da uşaqlıq dövrü keşməkeşli xatirələrlə yadda alıb.
Rəşid (ad şərtidir) 12 – 13 yaşlarından atası ilə birlikdə çalışıb, hər işdə ona kömək edib. Ailə 4 nəfərdən ibarət idi: ata, ana, bacısı və özü. Kənddə iş yeri, məlum olduğu kimi, torpaq hesab olunur. Başqa iş yeri yoxdur. Orta məktəbdə oxuyarkən, Rəşid və bacısını tez – tez görürdüm. Hamı kimi onlar da şagird idi. Daha sonra tədricən yuxarı sinifə keçdikcə bacısı və Rəşid nadir hallarda məktəbdə görünməyə başladı. Səbəb, valideynlərinə kömək etmələri idi. Kəndlərdə onların ailəsi kimi yüzlərlə ailə var. Beləliklə, təhsildən yayındılar, və uşaq yaşlarından ailə qayğısı ilə tanış oldular. . Hər gün məktəbə gedəndə rastaşardıq Rəşidlə. Yadımdadır, 1 inəkləri var idi, hər səhər onu otarmağa (sahəyə) aparardı. Anası və bacısı isə torpaq sahəsində alaq etməyə gedərdilər…. Daha sonra Rəşidin atası xəstələndi, məlum oldu ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir. Müalicəsi mümkün olmadı, və ailə atasını itirdi. Rəşidin 15 yaşı olardı. Artıq anası və bacısı ona əmanət idi. Atasının ölümündən təxminən 2 il sonra anası ağır xəstəlikdən dünyasını dəyişdi….indi bacı və qardaş tamam yalnız idi. Çünki həyatdakı 2 ən dəyərli varlıqlarını – valideynlərini itirmişdilər. bundan sonra, Rəşid bacısıyla tək qaldı. Ailə 2 üzvdən ibarət idi. O, torpaq sahəsində əkin – biçin işləri ilə məşğul olur, becərdiyi məhsulları satır, və beləliklə də ailəsini saxlayırdı. Beləcə, bir müddət keçdi. Rəşidin əsgərlik vaxtı gəlib çatdı, və o, hərbi xidmətə yollandı – Naxçıvana. 18 ay boyunca, bacısından uzaq yaşadı. Bacısı isə, evdə tək qala bilmədiyindən, müvəqqəti olaraq, xalası ilə yaşamağa başladı. Yaxşı ki, xalası varmış, ona başqa sahib çıxan olmazdı… 18 aydan sonra, bu ilin oktyabr ayında, Rəşid qayıtdı hərbi xidmətdən. Artıq bacısıyla birlikdə, öz balaca evlərində yaşayırlar, bir – birilərinə dəstək olaraq, heç kimdən və heç nədən kömək ummadan, öz zəhmətləri ilə yaşayaraq, həyat savaşından qalib çıxmaq üçün. Həyatın çətinliklərinə baxmayaraq, onların gözlərindəki ümid parıltısını görəndə, yaşamağa dördəlli bağlanmağın nə demək olduğunu dərk edir insan.

Belə bir ifadə var: “Ümidini itirmiş insanın, başqa itirəcək bir şeyi yoxdur”. Həyata həmişə ümidlə bağlanmaq, insanın özü ilə mübarizədə qalib gəlməyi üçün lazım olan motivasiyadır….
Həyat həqiqətən də, sürprizlərlə doludur, sabah başımıza nələr gələcək, bilmirik. Rəşid kimi minlərlə uşaq arzularından məhrum olmuş insanlarımız var. Həyatı bugün kimi yaşayaq!…