Month: February 2013

Gənc qızın arzusu….

Nelson Mandelanın belə bir deyimi var: “Dünyanı dəyişmək üçün istifadə edəcəyimiz ən güclü silah təhsildir” . Bəli, əgər gözəl gələcək, savadlı gələcək istəyiriksə, deməli diqqət etməli olduğumuz ən vacib məsələlərdən biri də təhsildir. Bugün hər kəs təhsilin arxasınca getmir, insanlar müxtəlif yollar seçirlər özlərinə həyatda. Kimi təhsilini davam etdirir, kimisi başqa sənət – peşəyə yiyələnir. Bəs təhsil almaq istəyib də, ala bilməyənlər necə?….
Lalə Soltanlı… 11 – ci sinif şagirdi… oxuduğu kənd məktəbində, sinfinin ən savadlı şagirdidi o. Bugün “Ekologiya” haqqında keçirdiyim tədbir zamanı tanış oldum onunla. Tədbir zamanı onun fəallığı diqqətimi çəkdi, verilən bütün suallara cavab verirdi, kor – koranə yox, məhz dərk edərək cavab verirdi. Tədbirdən sonra, təhsilini davam etdirmək fikrinin olub – olmadığını soruşdum. Cavabı məni, sözün əsl mənasında, çox təəssüfləndirdi. (Təhsil mövzusu mənim ən həssas yerimdi, xüsusən qızların təhsili) dedi ki, təhsilini davam etdirə bilmir, hazırlığa getməyə imkanları yoxdur. Sinifdən çıxdıqdan sonra, onun müəllimi ilə söhbət etdim. Müəllimi bildirdi ki, Lalə sinfin ən yaxşı oxuyan şagirdidir, bütün dərslərini yaxşı oxuyur, ali təhsil almaq istəyir, amma valideynlərinin imkanı yoxdur. 2 qardaşın 1 bacısıdır Lalə, evin tək qız övladı. Ata – anası heç bir yerdə işləmir, kənddə hamı nə işlə məşğuldursa, Lalənin ailəsi də elə. Təsərrüfatla məşğul olurlar, və dolanmağa çalışırlar. Övladlarını oxutmağa imkanları yoxdur….
Məyus halda ayrıldım məktəbdən…amma bütün gün Lalənin gözlərini yadımdan çıxara bilmədim; niyə hazırlaşmırsan sualını verərkən, gözlərindəki təəssüfü, gülümsəyən üzündəki, kədəri….unutmaq çətindir…
Minlərlə “Lalə”lər var Azərbaycan kəndlərində. Təhsilini davam etdirmək istəyib də, etdirə bilməyən. Gələcək taleləri az da olsa məlumdur, məktəbi bitirən kimi, və ya bitirməmiş kiməsə ərə verəcəklər Laləni. Ömürlük öz arzusuna əlvida deyəcək….
Həqiqətən, kaş ki, əlimdən bir şey gələrdi, gələcəyin savadlı gəncini, lider qadınını itirməmək üçün…bədbəxt cəmiyyətimizdə doğmamış ölməkdə olan lider qadınını xilas etmək üçün nəsə edə bilərdim… kaş ki…..
Kosmos sənin nəyinə yaraşır ay bədbəxt ölkə? Övladını yaşatmaq üçün, güclə çörək tapan insanların var. Lalənin ailəsi ilə eyni taleni paylaşan minlərlə vətəndaşın var. Heç sənə kosmos yaraşar? Utanıram, çox utanıram, ay VƏTƏNİM!….

Advertisements