Month: March 2013

Əsgər bacısı olmaq…

544280_451708218230617_190212936_nGecə saat 01:20 – dir. Yatmaq vaxtıdır, amma gözümə yuxu getmir, nə qədər yorğun olsam belə…nədənsə narahatam, elə bil, ürəyimdən daş asılıb…beynimdə müxtəlif və qatmaqarışıq fikirlər tüğyan edir, sakitləşməyə çalışsam da bir fayda vermir çabalarım…axı 10 mart “Əsgər ölümlərinə son” aksiyasına saatlar qalıb..necə narahat olmayım? Axı mənim də yolunu səbirsizliklə gözlədiyim qardaşım, bibimoğlu var əsgərlikdə…
Hər gecə dua edib yatıram, onlar sağ – salamat qayıtsın deyə…yatanda belə vicdan əzabı çəkirəm, mən rahat və isti yerimdə yatıram, heçnə olmamış kimi. Amma bu rahatlığa həsrət qalan insanlar da var. Xidmətdə olan əsgərlər var ki, evlərinə gedəcəkləri günü sanki iplə çəkirlər…təki tezliklə bitsin bu əzab – əziyyət… və onların yolunu gözləyənlər var. Ki, tezliklə qovuşsunlar əsgərlərinə…ya qovuşa bilməyənlər? bəs onlar nə etsin? Vətənin xidməti üçün göndərdiyi oğlunun tabutunu alan valideynlər nə etsin? Ceyhunun, Seymurun anası kimə sarılsın, oğlunun qoxusunu bir daha duya bilmək üçün?….
əvvəllər fərqli düşünürdüm dünyanı. Vətən anlamı mənim üçün qürurverici bir məfhum idi. Xidmətə getməyən oğlanlara qəribə baxardım, qorxaq deyərdim onlara. Niyə getmirsiz əsgərliyə? Deyə məzəmmətləyərdim onları…hətta qardaşımın əsəgrliyə gedəcəyi günü özüm üçün fəxr bilirdim…daha bilməzdim hər şeyin bu qədər eybəcər, iyrənc olduğunu…vətən sevgisinin sadəcə ad olduğunu… anlamırdım, əsgər yolu gözləyən anaları, ataları, bacıları, sevgililəri…indi anlayıram, həm də çox gözəl anlayıram, bu çürük sistemin alçaltdığı bədbəxt vətəndə xidmət etməyin nə demək olduğunu….axı məndə əsgər bacısıyam…
hər dəqiqə onu düşünən, yemək yeyəndə “kaşki qaqam da burda olaydı, sevdiyi yeməyi yeyəydi” deyə düşünüb, qəhəri boğazında qalan, adı gələndə gözləri dolan, gülüşü və zarafatları yadına düşəndə otağına qaçıb ağlayan, telefonda səsini duyanda, həsrətlə onun boynuna sarılıb, doyunca qucaqlayacağı günü gözləyən, şəklini görəndə qürurdan gözləri dolan əsgər bacısı…
saatlar sonra hər kəs bir xalq olub, Bakıda “Əsgər Ölümlərinə Son!” deyəcək. Mən isə isti yerimdə oturub, əlimdən gələn tək şeyi – aksiyadan olan xəbərləri paylaşmaqla təsəlli tapacam. Utanıram, çünki olmayacam, “BİZ”lərin arasında. “MƏN” olaraq, olacaqları uzaqdan seyr edəcəm, qəhər və nifrət boğa – boğa….
Aksiyanın vaxtı yaxınlaşdıqca, həbslər başladı. Sistem öz çirkin üzünü göstərdi yenə, bütün alçaqlıqlara əl atır artıq, gözünü qan bürümüşlər. Təki, mən rahat olum deyə…
Mübarizən, uğurlu olsun, Azərbaycan! İnanıram ki, bir gün yenə, Vətən deyəndə, gözlərim dolacaq, ürəyim çırpınacaq, indiki kimi, qəhərdən, qəzəbdən, nifrətdən yox, orta məktəbdə olduğu kimi – sevincdən, qürurdan!