Month: August 2013

“İnsanlarla dolu olan yalnızlıq”

65103_546600392035350_361265550_nInsanların arasındasan, əylənirsən, deyib – gülürsən, heçnəyi vecinə almırsan, və sadəcə o anın dadını çıxarırsan. Birdən gözlərin bir nöqtəyə zillənir, “dalıp çok uzaklara gedirsən”, ayıla bilmirsən “o uzaqlıqlardan” və bir anda ətrafında olan bütün əyləncə, gülüşmə, üzündəki təbəssüm – hamısı yoxa çıxır. Sanki, böyük bir boşluğun düz ortasındasan. Bəzən səbəbini belə anlamırsan, özünü düzəltmək üçün çabalayırsan, amma nə qədər istəsən də normal vəziyyətə qayıda bilmirsən. O anda yalqızlaşırsan, insanlar arasında yalnız qalırsan… ürəyindən bir dəli ağlamaq keçir, ya da gücün yetdiyincə qışqırmaq, səsini bütün aləmə duyurmaq, qəlbində tüğyan edən fırtınanı dayandırmaq…. dəniz dalğasız olarmı heç, insanın da qəlbi fırtınsasız olsun?… birtəhər uzaqlaşırsan o “kalabalık içindəki yalnızlıqdan”, çəkilirsən öz guşənə, bu dəfə düşünürsən; “axı niyə beləyəm, niyə özümü yad və qəmqin hiss edirəm?”. Cavab yenə də yoxdu, əslində var, amma o cavabı özündən uzaqlaşdırırsan, sanki həqiqəti özün – özünə deməyə belə qorxursan.

Ya da uzun bir yol gedirsən. O yollar ki hər zaman səni bir yerə aparır, hələ yolu gecə gedirsənsə, radioda da sanki musiqilər sənin üçün seçilibmiş kimi dalbadal sevdiyin mahnılar çalırsa…daha nə düşünəsən ki? yenə də eyni fikirlər…

“İnsan gün ərzində ağlı ilə, gecə yatarkən isə ürəyi ilə qalırmış”. Elədir deyəsən, özündən qovmağa çalışdığın həqiqətləri ürəyinlə danışanda duymağa məcbur olursan, əslində məğlubiyyətini qəbul edirsən…

Kalabalık içində yalnız qalsan, da bir şeylər axtarırsan, bəlkədə tək bir nəfəri axtarırsan, bəzən tapmayacağını bildiyin halda belə axtarırsan, “sarılacağın, sadəcə sımsıkı sarılacağın birisini”….

“Benim yalnızlığım insanlarla doludur” – Frans Kafka.

Çok şey aslında tamamen bir hayal ürünüdür!

Advertisements

Həmişə “düz” olan cəmiyyətimiz

Insan uşaq olanda çox şeyin fərqinə varmır, dərketmə iqtidarında olmur bəzi şeyləri. Yaşa dolduqca, aydınlanır qaranlıq qalan məqamlar. Şəxsi təcrübəmdən deyə bilərəm ki, şagird və tələbə olduğum zaman fikirlərim tam fərqli idi, həddindən çox mühafizəkar idim. Əslində qəlbən başqa ola bilərdim, sadəcə mühitimiz digərləri kimi məni də o mühitdən biri olmağa vadar edirdi. Mühiti dəyişdikcə, fikirlər də dəyişir. Təbii ki, əgər dəyişimə meyilli olsan…

Fikirlər dəyişdi, arzu – istəklər dəyişdi, öz aləmimizdə müsbət haldır. Amma sənin yaşadığın mühit necə? O da dəyişdimi, səni qəbul etdimi və ya edirmi? Bax, bu çətin məsələdir. Sən get – gedə mühitdən uzaqlaşırsan, tənhalaşırsan, qəbul edilmirsən, və qapanırsan özünə. Insanın özü kimi düşünən, yəni ifadə edəcəklərini anlayan kimsələr tapmaması çox acınacaqlıdır. Sən hər kəs üçün fərqlisən, sən “adam” deyilsən, sən həmişə “səhv”sən, hətta sən “yolunu azmış” birisisən. Sən təkcə cəmiyyətinlə mübarizə aparmırsan, sən həmçinin, ailənlə, öz doğma valideynlərinlə, qohumlarınla, qonşularınla, bütöv bir kənd ilə və ya rayonunla mübarizə aparırsan. Bu yolda ya bezib, imtina edəcəksən, ya da dözüb, başını götürüb qaçacaqsan. Başqa yolun yoxdur. Çünki, dəyişən bir şey yoxdur. Dəyişmək üçün uzun və çətin yol keçməlisən. Yaxınlarını alışdırsan belə, cəmiyyətin qınağı onları sənə qarşı qoyar, və sonda səni məhv edər. Ya boyun əyirsən, ya da qəbul edilirsən. Ikinci hal adətən nadir hallarda olur.

553087_347918385339522_2016915128_n

Cəmiyyətinin dəyərləri sənin üçün fərqlidir: onlar həmişə “düz”dür, “yalnış” olan sənsən. Onlar üçün qız valideynlərinin sözündən çıxmaz, təlim – tədbirlərə getməz, səyahət edə bilməz, etsə başında mütləq bir “kişi xeylağı” olmalıdır, qız oxumaz, oxusa da universiteti bitirən kimi bir imkanlı ailənin oğlanına ərə gedər, ailə – uşaq sahibi olar, qız sevə bilməz, oğlan dostu ola bilməz, qız telefonla danışmaz, internetdə olmaz, sosial şəbəkələrdə yazışmaz, öz şəklini qoya bilməz, ucadan gülüb – danışa, əylənə bilməz, toya gedəndə bəzənib – düzənər, qeşəng geyinər, qızıl – qatar taxar, cehizlə maraqlanar, siyasətlə maraqlanmaz, lap ölkəni viran qoysalar da, çıxıb boyunlarında otursalar da heç kim səsini çıxarmaz, qız uşağı nədi, danışdı nədi? Qaşını almaz, qaş qızın “muraz”ıdı. Bilirisiz niyə? Çünki evdə qala bilər, və onu heç kim almaz. Sabahısı gün camaat nə deyər? Deyərlər ki, bu qızda nə “defekt” var ki, alan yoxdu? Oğlanların çoxusu da bu taleyə sahibdirlər. Maraqlısı odur ki, elə həyatlarından da razıdırlar. Gələcəkdə özləri kimi övladlarına da məhv edirlər, bu cür həyatla.

Namus qeyrət anlayışı bizdə bir ayrı aləmdi: qız biriylə telefonla danışırsa və ya kimisə sevirsə, qardaşı nəbilim, nəsildən olan bir “kişi xeylağı” namusu təmizləyər; oğlanı da , qızı da bıçaqlayar, gedər türmədə “kişi” kimi yatar, və s. Saymaqla bitməz ki…. Son günlərin aktual məsələlərindən biri də, Vəfa Zeynalovanın “porno” səhnəsində çəkilməsidir. Xalqımın “qeyrət damarı” qalxıb; “bəs, milli mentalitetimizə yaraşmır, aktrisanın porno səhnəsində çəkilməsi”… Əcəb edib çəkilib! Zülmə boyun əyməyə, zülmkarların başınıza çıxıb oturmasına, şərəfinizi ayaqlar altına almasına, nədir sözünüz? Onda niyə susursunuz?!! Bizim “milli mentalitetimiz” atanın qızını, qardaşın bacısını öldürməsinə yaxşı baxır, adını da qoyurlar “namus təmizlədi”, aktrisanın bir rolda çəkilməsinə pis? Elədirsə, tüpürüm sizin mentalitetinizə də!!!

Çox arzu edərdim, normal bir cəmiyyətdə yaşamağı. O cəmiyyət ki, insanların (xüsusən də övladların) fikir və arzularına hörmətlə yanaşılsın, alçaldılmasın, sevgisiz, hörmətsiz ailələr qurulmasın, ailə dəyərləri qorunsun. Hər kəsin söz haqqı olsun – böyük və ya kiçik, yaşına, cinsinə fərq qoyulmadan. Əsl təhsilə önəm verilsin, diplom xətrinə təhsil yox, savadlı gələcək qurmaq üçün olan təhsil. Elmin, təhsilin arxasınca düşənə ağılsız, “tupoy” kimi baxılmasın, geyim, yemək, pul, vicdan və şərəfdən öndə gəlməsin. Mentalilet başlığı altında, insanlıq və insani duyğular məhv edilməsin…

Bakı Azərbaycandırmı?!

Azərbaycanın qədim eyni zamanda çox maraqlı bir rayonunda yaşayıram, işlə əlaqədar tez – tez Bakıya yolum düşür. Ayda bir dəfə də olsa, rayondakı sıxıcı və monoton həyatdan 1- 2 günlük uzaqlaşa bilirəm. Ən azından, beynimi “refresh” edirəm. Buna da şükür. Əslində Bakı o qədər də cəlbedici gəlmir mənə, əksinə, şəhərin simasından bədbəxtlik yağır. Mənim üçün tək üstünlüyü aktivliyi və həyat əlamətlərinin görsənməsidir. Göydələnləri görəndə, ürpənirəm. Beynimdən yüzlərlə fikir keçir; görəsən bu göydələnlər, bahalı məkanlar, bu cah – cəlal kimlərin qanı bahasına başa gəlib?!!! Hər nəysə, çox sentimentalam, deyəsən. Keçim, mətləbə.

Bakıya gedib – gələndən sonra, çox qəribə hiss edirəm özümü. Yol boyunca düşünürəm, görəsən Azərbaycan düzələcəkmi, yoxsa elə belə də davam edəcək? Optimist olmağa çalışıram, amma hər dəfəsində elə bir şeylə qarşılaşıram ki, bütün xəyallarım bir anda suda boğulur sanki. “Yox, cənablar, biz düzələsi deyilik” deyib, yenə də köhnə fikirlərlə gülümsəməyə çalışıram… Bakıda olduğum müddətdə, gələcək üçün planlar qururam, bizim cəmiyyətin dəyişib, elmə, təhsilə, əsl dəyərlərə hörmətlə yanaşacağı günün olacağına ümid edirəm. Elə ki qayıdıram rayona, öz təbirimizcə desək, cəhənnəmə, hər şey olur baş – ayaq, yəni köhnə hamam, köhnə tas… O demək deyil ki, Bakıda yaşayan insanlar çox pul qazanırlar. Bu ölkədə zatən çox pul qazananlar azdır, (çox deyərkən, özünü, ailəsini saxlaya bilənləri nəzərdə tuturam) sadəcə mühit, istər – istəməz öz təsirini göstərir, və insanlar istəsə də, istəməsə də dəyişməli olurlar, dəyişirlər…

Regionlar və Bakı… Müqayisə edilməzdir. Sanki Bakı bir başqa ölkə, regionlar isə Azərbaycandır. Hər səfərdə bunu dərk etmək dəhşətlidir. Bakıda olan həyat tərzi, insanların düşüncəsi, fikirləri və s. Sanki bir başqa ölkədə olanlardır. Bir də regionlara baxsaq,.. Bakıda olan dostlarla söhbət edəndə, hiss edirəm ki, onlar fərqli məkanın insanlarıdır. Təhsil, düşüncə, fikir azadlığı, ciddi məsələləri qoyub, mənasız və boş olan birşeylərin arxasınca düşməyən, ümid verən bir həyat…Optimist olmaq üçün səbəblər var. Bir də regionda olan insanların düşüncə tərzi ilə yaşayan bizlərə baxanda, görürəm ki, biz yaşamırıq, biz həqiqətən, yaşayan, daha doğrusu, yaşamağa çalışan canlı ölülərik. Biz ətrafımızdakıların fikirləri və istəkləri ilə barışa bilməyən, amma onların istəkləri ilə də davrananlarıq –  rol oynayan aktyorlarıq.

Bu yaxınlarda dostumuz Könül Yazar Bakıdan Ağdama səfər edib, konfliktlərin həllində qadınların da iştirakına nail olmaq niyyətindədirlər (ətraflı məlumatım yoxdur, hələ ki). Eşidəndə, sadəcə gülümsədim; nəyi qoyub, nədən danışırsız, əzizlərim? Regionlardakı qadınlar nə hayda, siz nə hayda? Onlar üçün sadəcə bugünü birtəhər yola vermək və yenə əzablı sabahı gözləmək var. Azərbaycan qadının siyasi və ictimai arenaya çıxması üçün daha çooooo…..ox yol qət edilməlidir. Bunun üçün isə, hələ çox əziyyət çəkməli olacağıq… Bakı ilə müqayisə etmək sadəcə gülməlidir, həm də ağlamalı. Bakı Avropadan gələn turistlər üçündür, rayonlardan gedənlər üçün yox. Bakını dəyişidirənlər nə etmək istədiyini yaxşı bilənlərdir…

Ölkədə müsbət yöndə dəyişiklik etmək istəyiriksə, dəyişdirilməli olanlardan başlamalıyıq: sistem + media + təhsil + səhiyyə + cəmiyyət… Bundan sonra hər şey düzələcək. Amma ki, əmma var.!