Month: September 2013

“Yola ver getsin”…..

487602_530518066974193_1360172311_nAnaloqu olmayan xalq olaraq hər şeyi yola verməyə öyrəşmişik, əsas odur ki, başımız ağrımasın və məsələnin üstü örtülsün…

Bu yaxınlarda xarici pasportumu itirmişdim. Yeni pasport düzəltdirmək üçün yolumu Bərdədəki pasport və Miqrasiya Şöbəsindən saldım. Bina yenicə istifadəyə verilmişdi deyə millət axın edirdi. Binanın şəraiti çox əla, işçiləri də çox mehriban və nəzakətlidirlər. Azərbaycanda heç bir idarə və müəssisədə işçilərdə nəzakət və mədəni davranış görmədiyim üçün ilk başda çox təəccüblənmişdim. Təbii ki növbə mədəniyyətindən uzaq bir xalq olduğumuz üçün az qala hər kəs ödəniş çeki verən insanı ayaqlayırdı. Camaat oğlanın ətrafında dairə qurmuşdu. “sənallah məni tez yola sal” deyən kim, qışqıran kim, əsəbləşən kim, hər kəs öz dəmində idi (əsəbləşənlərdən biri də mən idim).  10 günlük pasport üçün hər kəsdən 42 azn alınıb, çek verilirdi, çekdə isə 40 azn qeyd olunurdu. Mənə növbə çatanda rüsumun 40 azn olduğunu və bu məbləği ödəyəcəyimi bildirdim. Çek verən cavan oğlanla mübahisəm düşdü, amma adam çox olduğu üçün məni “yola verdi”. Yəni, mən 40 azn – lə işin içindən çıxdım. Daha sonra sənədləri vermək üçün durduq növbədə. Bizə bildirildi ki, çek səhvdi, bəs gedin dəyişdirin. Çek “azerenerji”yə aid çek idi, qaranlıq qaldı məsələ. Etirazımı bildirdim ki, mən həmin oğlanla yenə mübahisə etmək istəmirəm, çeki niyə yalnış verirsiniz axı? Işçilərdən biri dedi ki, narahat olmayın, gedin çeki dəyişdirin. Təzədən getdim çeki dəyişdirməyə, yenə konsert başladı; həmin oğlan dedi ki 2 azn ver, çeki dəyişdirim, əks halda dəyişdirməyəcəm. Üstəlik mənə bildirdi ki, bayaq adam çox idi deyə, baş qoşmadım sənə. ( işçinin müştəri ilə danışıq mədəniyyəti). Nəysə uzun mübahisədən sonra, qayıtdım yuxarıdakı işçilərin yanına, onlara izah etdim məsələni. Polislərdən kömək etdi, və çeki aldım. Bu dəfə isə “azerpoçt”a aid bir çek… Birtəhər prosesdən keçdim və qayıtdım evə. Araşdırdım və aydın oldu ki, mənə verilən hər iki çek saxtadır və doğru deyil. Daxili İşlər Nazirliyinin qaynar xəttinə yazdım. 3 – 4 gün sonra mənə zəng gəldi Bərdə poçt idarəsindən. Bildirdilər ki, gəl söhbət edək görək bu nə məsələdi. Həmin gün isə (17 sentyabr 2013) pasportumu götürməli idim. Ilk öncə getdim pasportumu alacağım məkana, müdir mənimlə görüşdü və bildirdi ki, bizim işçi olmayıb sizinlə mübahisə edən. Qeyd edim ki, həmin şəxs yenə orda idi. Mənə kinli – kinli baxır və pıçıltı ilə digər işçiyə nəsə deyirdi.  Elə bil, kiməsə borcum varmış mənim. Müdirlə uzun – uzadı söhbət etdik və bildirdim ki mənim heç kimlə işim yoxdu, sadəcə qanunsuzluqla bağlı yazmışam və bu hal aradan qaldırılmamış heç bir izahat yazmayacağam. Nəysə, izahat yazmadım və birtəhər pasportumu alıb aradan çıxdım…

Bizim ölkədə nəyinsə asanlıqla və tez bir zamanda düzələcəyinə inanmıram. Çünki xalq özü şərait yaradır rüşvətə, ədalətsizliyə və neqativ halların baş verməsinə. Çünki hər kəsə sərf edir bu vəziyyət. Bu vəziyyətdə hamı yalnız bir şeyi düşünürdü: “məndən keçsin, kimə dəyir dəysin”. Eşitdiyim bir söz oldu; “yoluna qoyun getsin”. Yuxarı dairələrə maraqlı deyildi necə. Onları düşündürən tək şey var idi, susdurmaq, problemi söyləyənin necə olur olsun susdurulması…. hər kəs şikayətlənir, amma sadəcə danışır, əməl etmək bizim insanımızda yoxdur.

“Yola vermək” Azərbaycanda ən yaxşı problem həll etməyin üsuludur..

Azərbaycan kimin üçündür?!

1292411734_neft1Azərbaycan deyəndə ilk ağıla gələn şey  “neftlə zəngin ölkə” olur. Bir dostum deyir ki, Allah Azərbaycanı yaradanda, ona hər şey verib; gözəllik, zəngin təbii sərvətlər və s. daha sonra Allah görüb ki gözəllik həddindən artıq olub və nəyinsə təsirini azaltmaq lazımdır balansı qorumaq üçün, onda insanlarından alıb. Belə olanda da əməlli – başlı alıb, “doza”sı bir az çox olub. Nəysə, neyniyək da, olan olub, biz də belə həzəratıq da…

Həmin bu zəngin ölkənin sərvətlərindən biz yazıq füğəranın xəbəri belə yoxdu, nə neftini görərik, nə suyundan istifadə edərik, nə də duzundan dadarıq. Bir meşələri qalmışdı bizə, heç olmazsa gözümüzün qurdunu öldürüb seyr edərdik, onu da sağ olsunlar bizim “aristokrat varlılarımız”, onları da çəpərləyib, üstünə də yazı yapışdırıb qoyublar ki “girmək olmaz”. Hələ Xəzəri çəpərləmələrini demirəm…indi bu “sakit, başıaşağı” camaat neynəsin?

Ölkə maşallah, sürətlə inkişaf edir; sökən kim, qazan kim, sonra da tikib yenidən sökən kim… Elə sökən sökən dalıncadı, bilmirik kimin əli kimin başındadı. Arada olan yenə füğəra xalqa olur. Ölkədə o qədər turist yerləri, otellər, xəstəxanalar tikilib ki, deyirsən “pəh, tamaşadı eee”. Amma ki, bir qəpiklik xeyirlərini görməzsən. Azərbaycanlılar istirahət üçün Gürcüstana, işləmək üçün Rusiyaya, müalicə üçün İrana, oxumaq üçün isə Türkiyəyə gedir.  Başqa vaxt ölkənin iqtisadi gücü ilə öyünürük, bir şey olmamış az qala basıb Azərbaycana söz deyənin gözünü çıxaraq. Hər şey göz qabağındadır… Başa düşə bilmirəm ki, bəs bu cənnət – məkan dediyimiz, axşama kimi vətən deyib boğazımızı cırdığımız Azərbaycan nə işə yarayır və kimin mülküdür. əslində aydındır ee vəziyyət, sadəcə olaraq, nə vaxta kimi belə davam edəcək, o qaranlıq məqamdır.  Başdan – başa tamaşa olan cənnət ölkənin dərisini çıxarıb, qanlı orqanlarının qanını sorurlar. Biz isə “Allahın bu gününə də şükür” deyə – deyə kor, kar və lal olub yaşayırıq.

Ehh, zavallı məmləkətim, bundan daha artıq nə görəcəksən ki??!!…