Month: October 2013

“Xalq seçdi!”

1381234_738302552862409_765695420_nHamının həyəcanla gözlədiyi 9 oktyabr prezident seçkiləri gəldi və getdi. Çox şeylə yadda qalda həmin gün. Mən də müşahidəçi qismində seçkiləri izlədim. Ilk dəfə idi ki, seçkilərdə bu qədər yaxından iştirak edirdim. Həyatım boyunca düşünmürəm ki bu qədər iyrəncliklərlə dolu seçki bir daha görəm. Keçim gördüklərimə…

Adı seçkiydi həminki günün, seçkidən başqa nəyə desəniz, oxşayırdı; toyxana, yasxana, dəlixana, bir sözlə “xana”larla dolu bir şey… Seçki məntəqəsinin qarşısında çay və yemək süfrəsi quran kim, yığışıb deyib – gülən kim. Əsl əyləncə idi. Məntəqələr daxilində isə əsl “toy – bayram” idi. Seçicilərin əlləri yoxlanılmır, barmaqları yoxlanılmır, topa bülletenlər atılır hər kəsin gözü qarşısında, “karusel” əməliyyatı edilir, bir şəxs bir neçə şəxsiyyət vəsiqəsi ilə gəlib səs verir, hətta ölülər də səs verirdi. O “müqəddəs” gündə o qədər yeniliklər gördüm ki, təsirindən bir neçə gün keçməsinə baxmayaraq, hələ də ayıla bilməmişəm. Hər şey bir yana, bu dəfə xeyli irəliləyiş var idi, çünki şəffaf demokratiya idi. Necə şəffaf idisə, gözlə görmək mümkün olmadı həmin demokratik seçkini. Adı üstündə: “şəffaf demokratiya”.

Xalq öz namizədini seçdi, sözün əsl mənasında. Hakimiyyət bu dəfə tam əminliklə və asanlıqla qələbə çaldı. Necə? Çox sadə yolla; xalqı manqurtlaşdıraraq… Səsvermə prosesi gizlidir və seçimini yalnız sən bilə bilərsən. Amma bizim camaatımız bunu başqa cür qəbul etdi. Çöldə qulaqlarına pıçıldadılar ki, İlham Əliyevə səs ver, və cammat kabinəyə daxil olub, gizli şəkildə İlham Əliyevə səs verdi. Anlaya bilmirəm, nədən qorxursan axı? Onsuz da səni heç kim görmür, ay insan, niyə növbəti 5 ilini də sürünmək istəyirsən? Məgər bəs deyildi, bu sistemdən çəkdiklərin?… Təsəvvür edin, cırıq şalvar – pencəklə gəlib seçkiyə, deyir “biz yalnız o kişini tanıyırıq, ona səs verəcəyik”. Digəri deyir ki, “bu yeyib doyub, o birisi gəlsə, lap belimizi qıracaq”. Pensiyaçı gəlib, deyir “Allah ondan razı olsun, pensiyamızı qaldırır hər il”. Məcburi köçkün deyir, “Allah bizim ömrümüzü ona bağışlasın”, digəri deyir, “hardadı İlhamın qutusu, mən ona səs verəcəm”. Işsiz cavan gəlib deyir “guya o birisi gəlib neyniyəcək, ən yaxşısı elə budu” və s… Daha nə qədər məzlum ifadələr… Böyüklü – kiçikli, müəllim, həkim, hər kəs saxtakarlıq üçün canfəşanlıq edirdi. 5 manat pul üçün hərkəs satmışdı olan – qalan vicdanını da… Təki pul olsun, heç bir dəyər önəmli deyil….

Cəmil Həsənlinin təbliğatı yaxşı getməmişdi, burada günahkar məhz hakimiyyət idi, təbliğat vasitələri – televiziyalar, radiolar, digər media vasitələri – hamısı onların əlindədi, görüş və mitinqlərə icazə verilmirdi, təbliğat posterləri yalnız lövhələrdə asılmalı idi, o lövhələr də ki, Allah bilir, haradadı. Heç ona baxan da yoxdu. “Sərbəst toplaşmaq haqda qanun” elə görüş və mitinq yerlərinin ayrılması cümləsində pozulur.

Namizədim seçilməmişdi, amma məni məyus edən xalqımın etdikləri, düşdüyü iyrənc durum idi.

Həmin gün sanki xülyadaydım, məntəqələri gəzdikdən sonra, maşına əyləşən kimi öz – özümə sual verirdim ki, “İlahi, görəsən mən yuxu görürəm, bu nədi belə?”. Hüseyn Abdullayevin “Susma”sına qulaq asırdım, çünki inanırdım ki, bu xalq məhz azadlıq üçün vuruşan xalq olub, 20 il bundan öncəki xalq deyilmi bu xalq? Çox xəyalpərəstəm və ideallaşdırmaq xəstəliyi məndə bitmir… Axşam Saat 10 – da qayıtdım evə, Bərdədə atəşfəşanlıq idi, İlham Əliyevin qələbəsi naminə…  Çox yorğun idim, evə çatan kimi yatmaq istədim, amma 2 saat yuxu keçmədi gözümə, telefonda “susma” hələ də oxuyurdu, təkrar – təkrar, boğazımda ilişib qalan qəhər nəhayət ki partladı, səssizcə gözümdən yaş axırdı… Elə də yatdım, sabah yenidən o xalqın arasında gəzmək üçün…

P.S. xalqı 1 tikə çörəkdən asılı hala salan da məhz bu hakimiyyətdir, bu rejimdir. Bu sistem çökməyincə, nəyəsə ümid etmək yersizdir.

Məzlum adı ilə yaşamağa çalışanlar…

545878_648928645119958_1389957328_nArtıq 1 həftədən çoxdur ki, rayonlarda təlimdəyəm. 2013 prezident seçkiləri ilə əlaqədar rayonlarda təlimlər keçirik. Təlimlərdən əlavə olaraq, rayonlarda Ümumi vəziyyətlə tanış oldum.

Deməli, Azərbaycan camaatına xas olan hallar eyni idi. Seçki öncəsi vəziyyət həmişəki kimidi. Yəni əksər insanın seçkidən xəbəri yoxdur, heç onlara maraqlı da deyil ki, nə seçkiləridir. Demək olar ki, prezidentliyə namizədləri tanıyan yoxdur (İlham Əliyevdən başqa). Seçkidən məlumatlı olan insanların isə seçkiyə inamı yoxdur, işlətdikləri bir ifadə var; “boş – boş şeylərdi, onsuz da seçilən seçilib”. Bir 52 yaşlı adam deyir ki, Allah istəməzsə, belə də olacaq. Digəri cavan oğlandı, gecə – gündüz tozun – torpağın içində 1 azn qazanmaq üçün çabalayır, deyir, buna da şükür. Nə deyim daha? Belə hallar minlərlədir. Biganəlik o qədər çoxdur ki, istər – istəməz səni məyusluq bürüyür. Rayonlarda tək – tük müxalif insanlar var ki, onlar da elə sıxışdırılır, mənəvi zorakılığa məruz qalırlar ki, kimsə səsini çıxaranda mütləq şərlənib başına bir iş gətirilir. Insanlar sadəcə bugündən sabaha necə çıxacaqlarını və bir tikə çörək tapıb – tapmayacaqları haqqında düşünürlər. Təsəvvür edin, 8 milyondan çox əhalisi olan ölkənin (baxmayaraq ki, onun 3 milyondan çoxu xaricdədir) heç yarı faizi də seçki haqqında düşünmür. Əslində qınanılası da deyil, kimə lazımdır axı namizədsiz seçki? Bir ölkənin ki seçkisində 10 nəfər prezidentliyə namizəd kimi qeydə alına, və yalnız 3 və ya 4 – ü namizəd ola, vəkil yox haa, namizəd. Üstəlik də Hafiz Hacıyev kimi ağzının danışığını bilməyən birisi namizəd, daha doğrusu vəkil ola. Görün da indi bu ölkə hansı vəziyyətdədir….

Hafiz Hacıyevin mitinqini izlədim youtube – da. Insanları yığıb aparmışdılar həmin mitinqə. Azadlıq radiosu çəkiliş aparıb, və insanlardan sorğu götürüb. Heç kim bilmirdi ki, ora niyə və nə səbəbə gedib. Məncə, bu ağlamalı vəziyyətdir. Xalq hara getdiyini bilmir, kim hara deyirsə ora gedir. Düşünün, hara getdiyini bilməyən və kim nə deyirsə, ona “baş üstə” deyib, etiraz etmədən gedən bir xalqın gələcəyi necə olar? Heç gələcək haqqında düşünməyə dəyməz. Bu qədər boyun əyən xalqın sonu sadəcə əzilməkdir, başqa heçnə…. Azərbaycan əhalisinin motivasiyaya, inama ehtiyacı var…

Bu sistem 20 ildir ki, insanların beynini, ruhunu, qanını məhv edir, insanları insanlıq təhərindən çıxarıb artıq. Seçkisi də tamam saxtadır, özü kimi. Baxın, seçki kampaniyasına: – yalnız lövhələrdə namizədlərin şəkilləri asıla bilər, lövhələr də ki biri ala dağda, biri isə qara dağda. Mitinq üçün xüsusi yerlər ayrılıb, rayon mərkəzlərindən uzaqda – cəhənnəmin dibində. Debat olur guya İTV – də, camaatın işdən çıxan və ya kənd camaatının əkin sahələrində, çöldə – bayırda olduğu vaxtda. Kimə lazımdır ki? Debat da nə debat haa, tərbiyəsizlik və təhqirlə dolu 1 saat. Prezidentin vəkilləri bir namizədə qarşı… Düşünülmüş siyasət yaxşı işləyir.

Bunlara sərf edir, bu xalq. Bilirsiz niyə? Çünki bu xalq şüursuz, düşüncəsiz, kar, kor və laldır. Öz taleyinə biganədir bu xalq, qorxuyla, işgəncəylə sürünür, sabaha salamat çıxmağa çalışır. Necə olur olsun, istər vicdanı, istər şərəfi, namusu satılsın, alçaldılsın, fərq etməz, təki başı sağ olsun. Bir – birilərinə kələk gəlir, fırıldaqçılıq edir, 1 qəpiyin mübahisəsini edib, sonda bir – birilərinin qatili olurlar. Nə üçün? Təki salamat qalsınlar…. 20 ildir ki, eyni vəziyyətdir, dəyişiklik olmazsa, necə inkişaf görə bilər axı insan? Bu qədər verilən vədlər yerinə yetirilmədi, üstəlik də günü – gündən vəziyyət pisləşir, daha nə gözləyirsiniz? Yoxsa göydən mələk düşəcək sizin üçün? “buna da şükür” deməklə, daha da geriyə gedəcəyik, bədbəxt xalqım….

Bir filmdə belə bir hissə var:

Ingilis general İrandan keçərkən, digər yoldaşına deyir:

–  Mən bu xalqa nifrət edirəm! Dostu soruşur:

–  Niyə? Müsəlman olduqları üçün? General cavabında:

–  Xeyir, MƏZLUM olduqları üçün!……

Dediyim ki, bu xalq bu cür idarəetməyə layiqdir. Öz taleyinə və öz gələcəyinə biganə olan, məzlum olan və məzlumluğu ilə yaşamağa çalışan xalq məhvə məhkumdur.!!!