Category: insanlar

“Qaynar və soyuq şəhər”

Hər səhər şirin yuxudan oyanıb özümüzü atırıq qaynayan şəhərin qoynuna. Kimimiz işə tələsirik, kimimiz dərsə, kimimiz isə başqa bir yerə. Hər kəs tələsir, mənzil başına çatmaq üçün. Səhərin 6-sından Bakıda həyat canlanmağa başlayır, maşınlar, metro, avtobuslar tələsən insanlarla dolur, səhərin erkən saatlarında yuxusuna haram qatıb işə tələsən insanlar axşamlar da eyni cür evlərinə tələsərlər… Continue reading ““Qaynar və soyuq şəhər””

Advertisements

Gənc qızın arzusu….

Nelson Mandelanın belə bir deyimi var: “Dünyanı dəyişmək üçün istifadə edəcəyimiz ən güclü silah təhsildir” . Bəli, əgər gözəl gələcək, savadlı gələcək istəyiriksə, deməli diqqət etməli olduğumuz ən vacib məsələlərdən biri də təhsildir. Bugün hər kəs təhsilin arxasınca getmir, insanlar müxtəlif yollar seçirlər özlərinə həyatda. Kimi təhsilini davam etdirir, kimisi başqa sənət – peşəyə yiyələnir. Bəs təhsil almaq istəyib də, ala bilməyənlər necə?….
Lalə Soltanlı… 11 – ci sinif şagirdi… oxuduğu kənd məktəbində, sinfinin ən savadlı şagirdidi o. Bugün “Ekologiya” haqqında keçirdiyim tədbir zamanı tanış oldum onunla. Tədbir zamanı onun fəallığı diqqətimi çəkdi, verilən bütün suallara cavab verirdi, kor – koranə yox, məhz dərk edərək cavab verirdi. Tədbirdən sonra, təhsilini davam etdirmək fikrinin olub – olmadığını soruşdum. Cavabı məni, sözün əsl mənasında, çox təəssüfləndirdi. (Təhsil mövzusu mənim ən həssas yerimdi, xüsusən qızların təhsili) dedi ki, təhsilini davam etdirə bilmir, hazırlığa getməyə imkanları yoxdur. Sinifdən çıxdıqdan sonra, onun müəllimi ilə söhbət etdim. Müəllimi bildirdi ki, Lalə sinfin ən yaxşı oxuyan şagirdidir, bütün dərslərini yaxşı oxuyur, ali təhsil almaq istəyir, amma valideynlərinin imkanı yoxdur. 2 qardaşın 1 bacısıdır Lalə, evin tək qız övladı. Ata – anası heç bir yerdə işləmir, kənddə hamı nə işlə məşğuldursa, Lalənin ailəsi də elə. Təsərrüfatla məşğul olurlar, və dolanmağa çalışırlar. Övladlarını oxutmağa imkanları yoxdur….
Məyus halda ayrıldım məktəbdən…amma bütün gün Lalənin gözlərini yadımdan çıxara bilmədim; niyə hazırlaşmırsan sualını verərkən, gözlərindəki təəssüfü, gülümsəyən üzündəki, kədəri….unutmaq çətindir…
Minlərlə “Lalə”lər var Azərbaycan kəndlərində. Təhsilini davam etdirmək istəyib də, etdirə bilməyən. Gələcək taleləri az da olsa məlumdur, məktəbi bitirən kimi, və ya bitirməmiş kiməsə ərə verəcəklər Laləni. Ömürlük öz arzusuna əlvida deyəcək….
Həqiqətən, kaş ki, əlimdən bir şey gələrdi, gələcəyin savadlı gəncini, lider qadınını itirməmək üçün…bədbəxt cəmiyyətimizdə doğmamış ölməkdə olan lider qadınını xilas etmək üçün nəsə edə bilərdim… kaş ki…..
Kosmos sənin nəyinə yaraşır ay bədbəxt ölkə? Övladını yaşatmaq üçün, güclə çörək tapan insanların var. Lalənin ailəsi ilə eyni taleni paylaşan minlərlə vətəndaşın var. Heç sənə kosmos yaraşar? Utanıram, çox utanıram, ay VƏTƏNİM!….

“Bir gəncin uşaqlığı”

Uşaqlıq…hər anı yaddaşımıza həkk olunan gözəl dövr… amma hamı üçün uşaqlıq xoş xatirələrlə yadda qalmır, bəziləri isə, demək olar ki, uşaqlığını uşaq kimi yaşamır…. qəhrəmanımızın da uşaqlıq dövrü keşməkeşli xatirələrlə yadda alıb.
Rəşid (ad şərtidir) 12 – 13 yaşlarından atası ilə birlikdə çalışıb, hər işdə ona kömək edib. Ailə 4 nəfərdən ibarət idi: ata, ana, bacısı və özü. Kənddə iş yeri, məlum olduğu kimi, torpaq hesab olunur. Başqa iş yeri yoxdur. Orta məktəbdə oxuyarkən, Rəşid və bacısını tez – tez görürdüm. Hamı kimi onlar da şagird idi. Daha sonra tədricən yuxarı sinifə keçdikcə bacısı və Rəşid nadir hallarda məktəbdə görünməyə başladı. Səbəb, valideynlərinə kömək etmələri idi. Kəndlərdə onların ailəsi kimi yüzlərlə ailə var. Beləliklə, təhsildən yayındılar, və uşaq yaşlarından ailə qayğısı ilə tanış oldular. . Hər gün məktəbə gedəndə rastaşardıq Rəşidlə. Yadımdadır, 1 inəkləri var idi, hər səhər onu otarmağa (sahəyə) aparardı. Anası və bacısı isə torpaq sahəsində alaq etməyə gedərdilər…. Daha sonra Rəşidin atası xəstələndi, məlum oldu ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir. Müalicəsi mümkün olmadı, və ailə atasını itirdi. Rəşidin 15 yaşı olardı. Artıq anası və bacısı ona əmanət idi. Atasının ölümündən təxminən 2 il sonra anası ağır xəstəlikdən dünyasını dəyişdi….indi bacı və qardaş tamam yalnız idi. Çünki həyatdakı 2 ən dəyərli varlıqlarını – valideynlərini itirmişdilər. bundan sonra, Rəşid bacısıyla tək qaldı. Ailə 2 üzvdən ibarət idi. O, torpaq sahəsində əkin – biçin işləri ilə məşğul olur, becərdiyi məhsulları satır, və beləliklə də ailəsini saxlayırdı. Beləcə, bir müddət keçdi. Rəşidin əsgərlik vaxtı gəlib çatdı, və o, hərbi xidmətə yollandı – Naxçıvana. 18 ay boyunca, bacısından uzaq yaşadı. Bacısı isə, evdə tək qala bilmədiyindən, müvəqqəti olaraq, xalası ilə yaşamağa başladı. Yaxşı ki, xalası varmış, ona başqa sahib çıxan olmazdı… 18 aydan sonra, bu ilin oktyabr ayında, Rəşid qayıtdı hərbi xidmətdən. Artıq bacısıyla birlikdə, öz balaca evlərində yaşayırlar, bir – birilərinə dəstək olaraq, heç kimdən və heç nədən kömək ummadan, öz zəhmətləri ilə yaşayaraq, həyat savaşından qalib çıxmaq üçün. Həyatın çətinliklərinə baxmayaraq, onların gözlərindəki ümid parıltısını görəndə, yaşamağa dördəlli bağlanmağın nə demək olduğunu dərk edir insan.

Belə bir ifadə var: “Ümidini itirmiş insanın, başqa itirəcək bir şeyi yoxdur”. Həyata həmişə ümidlə bağlanmaq, insanın özü ilə mübarizədə qalib gəlməyi üçün lazım olan motivasiyadır….
Həyat həqiqətən də, sürprizlərlə doludur, sabah başımıza nələr gələcək, bilmirik. Rəşid kimi minlərlə uşaq arzularından məhrum olmuş insanlarımız var. Həyatı bugün kimi yaşayaq!…

“Bir ümidlə yaşamaq…”

Tez – tez rastlaşdığım bir ifadə var: “Ümid ən sonda ölür”. Qətiyyən bu ifadəylə razılaşmıram. Səbəb isə öz şəxsi təcrübəmdir. Bir işə ümid bəsləyirəmsə, və bilsəm də ki, onun sonu uğursuzluqdur, yenə də 100% – in 0.001% ümidim qalır. 1 – ci il Universitetə qəbul imtahanında, kəsildiyimi bilə – bilə, yenə də ümid edirdim  Təcrübəmə əsasən, belə bir ifadə yaratdım özüm üçün: “Ən son ölən ümidlərdir, amma bəzən ölmüş ümidlərdən belə nəsə ümid gözlər insan”…. Hər dəfə İlhamizi və ya İlkini görəndə, bu ifadə yadıma düşür. Heç vaxt ölməyən ümidlər… ən sona qədər nəyəsə ümid edir insan, və yaşayır….
  İlkin İbadlı, 20 yaşı var. Bərdə şəhərində yaşayır. Miopatiya (sümüklərin aqressiv atrofiyası) xəstəliyindən əziyyət çəkir. Ailədə 5 nəfərdilər: atası, anası, 2 qardaşı və özü. Uşaq vaxtı o da sağlam bir uşaq kimi məktəbə getmiş, 6 – cı sinifdən xəstəliyinin ilk əlamətləri özünü göstərmişdir. Bundan sonra məktəbə gedə bilməmiş, və evdə özü oxumağa başlamışdır. Çox savadlı, və hazırcavab olması ilə yanaşı, gözəl rəssamlıq qabiliyyəti də var. Və dediyinə, görə rəsm çəkəndə, o dincəlir. Xüsusilə də xəritələrə qarşı çox həvəslidir. Yorulmadan, bezmədən, rəsm çəkir. Ayaqüstə gəzə bilməsədə, hətta evdən çıxa bilməsədə, İlkinin həyat sevgisi heç vaxt ölməyib. Qardaşı Ülvi də həmin xəstəlikdən əziyyət çəkir, amma o İlkindən fərqli olaraq, öz xəstəliyi ilə barışa bilmir….evin sonbeşiyi Saleh…5 yaşı var, çox dəcəldir, demək olar ki, ailənin sevincidir, sonbeşikdir axı 🙂
Ilkingil balaca, havası ağır, bir daxmada yaşayırlar, anası işləmir, övladlarına qulluq edir. Atası isə sürücüdür. Bununla da ailəsini saxlayır, başqa çarə də yoxdur, iş yox, güc yox…
Ilkinlə söhbət edərkən, onun gözlərindəki ümid qığılcımını görərkən, həqiqətən utandım, pessimist insan olaraq, həmişə şikayətlənirəm, və bəzən də həyatımdan bezirəm, ən kiçik bir problemdə,.. bununla da acizlik edirəm. Amma İlkin insana həyat eşqi verir, o deyir ki, xəstəliyimə çarə yoxdu, amma bu yaxınlarda, xəstəliyin səbəbi tapılıb, ümid edir ki, onun xəstəliyinə çarə tapılacaq. O yenə də ümidini üzmür, və həyatı sevir….
Ilkinin böyük bir arzusu da var, sağalıb, yerimək, cəmiyyət içinə çıxmaq, və öz rəsm əsərlərindən ibarət bir sərgi təşkil etmək…. Allah, arzuna çatdırsın səni, İlkin!