Category: vətən həsrəti

Unutdurulmağa çalışılan tarix və şəxsiyyət

IMG_2384Hər bir xalqın mübarizələr və qəhrəmanlıqlarla zəngin, öz tarixi keçmişi vardır. Millətin millət kimi formalaşmasında onun tarixi keçmişinin böyük rolu vardır. Belə bir ifadə də vardır ki, keçmişini unudanın gələcəyi olmaz. Mənə elə gəlir ki, yerində işlədilmiş bir ifadədir. Belə ki, tarixə nəzər yetirəndə Azərbaycan xalqının şanlı keçmişi olduğunu görərik. Əsrlər boyu zülmə, işğala məruz qalmış xalqımız azadlıq eşqilə mübarizə aparmış, qanları bahasına olsa da, öz azadlığını qazanmışdır. Şanlı tariximizə qızıl hərflərlə yazılmış hadisələrdən biri də 1918- ci il mayın 28-də Məmməd Əmin Rəsulzadə tərəfindən Azərbaycan Demokratik Respublikasının qurulması oldu. Qısa vaxt ərzində M.Ə.Rəsulzadənin rəhbərliyilə milli ordunun yaradılması, dövlət atributlarının ( bayraq, gerb ) elan edilməsi, bir sözlə dövlətin müstəqilliyini bildirən bütün əlamətlərin olması Azərbaycanı Şərqdə bir müstəqil dövlət kimi parlamasına gətirib çıxardı. 23 ay yaşamasına baxmayaraq, ADR tariximizdə şanlı iz qoymuşdur. Lakin bugün ADR-in qurucularından olan milli liderimiz M.Ə. Rəsulzadəni bizə unutdurmağa çalışırlar. Azərbaycanda elə bir abu-hava yaradılıb ki, heç bir demokratik dəyərdən söz belə gedə bilməz. Ölkədə Rəsulzadənin adı ilə bağlı olan hər bir şeyi dəyişdirirlər, onun məzarını belə Türkiyədən ( Ankara ) Azərbaycana köçürülməsinə icazə vermirlər. Xalqın beynindən Rəsulzadəyə aid hər şeyi silməyə çalışırlar. Onun adının çəkilməsi belə qadağan edilir. Görülən tədbirlərə baxmayaraq, həqiqi lideri unutmayanlar da çoxdur. Belə ki, dünən bir kəndə yolum düşdü. Rəsmi idarələrin birində Rəsulzadənin portretini görəndə çox təəccübləndim, ona görə ki, despotizmin hökm sürdüyü bir ölkədə necə ola bilər ki, bu portret bu idarədə asılıb? Görəsən idarə başçısı qorxmur ki, onu gözüm-çıxdıya salıb, işdən çıxara bilərlər? Bununla yanaşı həm də çox sevindim…ürəyimdə hələ də öz tarixi keçmişini, “gerçək lider”ni unutmayan, pul üçün mənliyini satmayan idarə işçiləri də varmış…” – deyə düşündüm. Bu hadisə mənim üçün qürurverici idi. “Unutdurma siyasəti”inə baxmayaraq, şanlı tariximizi – Rəsulzadəni yaşadan insanlara eşq olsun…….