Tag: Azerbaycan xalqı

“Xalq seçdi!”

1381234_738302552862409_765695420_nHamının həyəcanla gözlədiyi 9 oktyabr prezident seçkiləri gəldi və getdi. Çox şeylə yadda qalda həmin gün. Mən də müşahidəçi qismində seçkiləri izlədim. Ilk dəfə idi ki, seçkilərdə bu qədər yaxından iştirak edirdim. Həyatım boyunca düşünmürəm ki bu qədər iyrəncliklərlə dolu seçki bir daha görəm. Keçim gördüklərimə…

Adı seçkiydi həminki günün, seçkidən başqa nəyə desəniz, oxşayırdı; toyxana, yasxana, dəlixana, bir sözlə “xana”larla dolu bir şey… Seçki məntəqəsinin qarşısında çay və yemək süfrəsi quran kim, yığışıb deyib – gülən kim. Əsl əyləncə idi. Məntəqələr daxilində isə əsl “toy – bayram” idi. Seçicilərin əlləri yoxlanılmır, barmaqları yoxlanılmır, topa bülletenlər atılır hər kəsin gözü qarşısında, “karusel” əməliyyatı edilir, bir şəxs bir neçə şəxsiyyət vəsiqəsi ilə gəlib səs verir, hətta ölülər də səs verirdi. O “müqəddəs” gündə o qədər yeniliklər gördüm ki, təsirindən bir neçə gün keçməsinə baxmayaraq, hələ də ayıla bilməmişəm. Hər şey bir yana, bu dəfə xeyli irəliləyiş var idi, çünki şəffaf demokratiya idi. Necə şəffaf idisə, gözlə görmək mümkün olmadı həmin demokratik seçkini. Adı üstündə: “şəffaf demokratiya”.

Xalq öz namizədini seçdi, sözün əsl mənasında. Hakimiyyət bu dəfə tam əminliklə və asanlıqla qələbə çaldı. Necə? Çox sadə yolla; xalqı manqurtlaşdıraraq… Səsvermə prosesi gizlidir və seçimini yalnız sən bilə bilərsən. Amma bizim camaatımız bunu başqa cür qəbul etdi. Çöldə qulaqlarına pıçıldadılar ki, İlham Əliyevə səs ver, və cammat kabinəyə daxil olub, gizli şəkildə İlham Əliyevə səs verdi. Anlaya bilmirəm, nədən qorxursan axı? Onsuz da səni heç kim görmür, ay insan, niyə növbəti 5 ilini də sürünmək istəyirsən? Məgər bəs deyildi, bu sistemdən çəkdiklərin?… Təsəvvür edin, cırıq şalvar – pencəklə gəlib seçkiyə, deyir “biz yalnız o kişini tanıyırıq, ona səs verəcəyik”. Digəri deyir ki, “bu yeyib doyub, o birisi gəlsə, lap belimizi qıracaq”. Pensiyaçı gəlib, deyir “Allah ondan razı olsun, pensiyamızı qaldırır hər il”. Məcburi köçkün deyir, “Allah bizim ömrümüzü ona bağışlasın”, digəri deyir, “hardadı İlhamın qutusu, mən ona səs verəcəm”. Işsiz cavan gəlib deyir “guya o birisi gəlib neyniyəcək, ən yaxşısı elə budu” və s… Daha nə qədər məzlum ifadələr… Böyüklü – kiçikli, müəllim, həkim, hər kəs saxtakarlıq üçün canfəşanlıq edirdi. 5 manat pul üçün hərkəs satmışdı olan – qalan vicdanını da… Təki pul olsun, heç bir dəyər önəmli deyil….

Cəmil Həsənlinin təbliğatı yaxşı getməmişdi, burada günahkar məhz hakimiyyət idi, təbliğat vasitələri – televiziyalar, radiolar, digər media vasitələri – hamısı onların əlindədi, görüş və mitinqlərə icazə verilmirdi, təbliğat posterləri yalnız lövhələrdə asılmalı idi, o lövhələr də ki, Allah bilir, haradadı. Heç ona baxan da yoxdu. “Sərbəst toplaşmaq haqda qanun” elə görüş və mitinq yerlərinin ayrılması cümləsində pozulur.

Namizədim seçilməmişdi, amma məni məyus edən xalqımın etdikləri, düşdüyü iyrənc durum idi.

Həmin gün sanki xülyadaydım, məntəqələri gəzdikdən sonra, maşına əyləşən kimi öz – özümə sual verirdim ki, “İlahi, görəsən mən yuxu görürəm, bu nədi belə?”. Hüseyn Abdullayevin “Susma”sına qulaq asırdım, çünki inanırdım ki, bu xalq məhz azadlıq üçün vuruşan xalq olub, 20 il bundan öncəki xalq deyilmi bu xalq? Çox xəyalpərəstəm və ideallaşdırmaq xəstəliyi məndə bitmir… Axşam Saat 10 – da qayıtdım evə, Bərdədə atəşfəşanlıq idi, İlham Əliyevin qələbəsi naminə…  Çox yorğun idim, evə çatan kimi yatmaq istədim, amma 2 saat yuxu keçmədi gözümə, telefonda “susma” hələ də oxuyurdu, təkrar – təkrar, boğazımda ilişib qalan qəhər nəhayət ki partladı, səssizcə gözümdən yaş axırdı… Elə də yatdım, sabah yenidən o xalqın arasında gəzmək üçün…

P.S. xalqı 1 tikə çörəkdən asılı hala salan da məhz bu hakimiyyətdir, bu rejimdir. Bu sistem çökməyincə, nəyəsə ümid etmək yersizdir.

Advertisements

“Yaşamağa çalışan xalqım”

Gündən – günə bahalaşan dünyada, maaşları artmasa da, qiymətləri rekord həddinə çatan ölkələrdən biri də, bəlkə də, birincisi də Azərbaycandır. Baxmayaraq ki, neft – qazla zəngin olan bir ölkədə yaşayırıq, insanların yaşayış səviyyəsi həddindən çox aşağıdır. Belə ki, Aran təşkilatının layihəsi üzrə, Bərdə və Tərtər rayonunun bi neçə kəndində su çəkilişi ilə əlaqədar olaraq, tez – tez kəndlərə üz tuturuq. Infrastrukturun qurulması üçün hər ailəyə 140 AZN pul düşür. 140 AZN pul elə də böyük bir məbləğ deyil, zəngin təbii sərvətlərə malik bir ölkə üçün. Nəzərə alsaq ki, Avropanın ən mötəbər musiqi yarışı olan Avroviziyaya 2012 – ci ildə ev sahibliyi etmişik, bu məbləğ semişka pulu sayılar… əlqərəz, bugün kredit təşkilatı ilə birlikdə düşdük kəndin canına, 140 AZN.i hər ay kreditlə 1 il müddətinə həmin insanlar ödəyəcəklər, su tapmaq üçün… gün boyunca, xeyli insanla görüşdük və onların yaşayış səviyyəsi ilə tanış olduq. Bir necə misal gətirim: ailədə 5 nəfər olan bir qadın, heç biri işləmir, ər taksi sürür kənddən Bərdə şəhərinə, qızı və böyük oğlu orta məktəbi bitirib, işsizdirlər, dediyinə görə, torpaq sahələrində pambıq yığmaqla ərinə maddi cəhətdən kömək edir. Aylıq gəlir təxminən 250 AZN təşkil edir. Digər bir misal; təxminən 40 yaşlarında bir qadın, 1 övladı var, ərindən ayrılıb, ata və anasıyla birlikdə yaşayır, və onların aldığı pensiya ilə dolanırlar. 2 qocanın pensiya pulu ilə… ya sabah onlar olmazsa necə olacaq?..digər bir ailə: 5 nəfər, bağçada qadın müəllimədir, 80 AZN maaş alır, əri isə taksi sürür. Aylıq gəlir 300 AZN – dək olur. Başqa misal: 4 nəfərdirlər ailədə, yoldaşı usta işləyir şəhərdə, özü evdar xanımdır, uşaqları da balacadırlar. Və daha neçə belə ailələr…kəndlərdə həyatın necə olduğu hamıya az da olsa məlumdur. Işsiz, təhsilsiz insanlar, demək olar ki, cəmiyyətdən uzaq ailələr. sadəcə sabah necə çörək qazanacağını düşünən beyinlər. demək olar ki, krediti olmayan ailə tapmaq, qaranlıqda, ağ axtarmağa bənzəyir. Hər kəsin bir banka borcu var, kimisi ev tikəndə, kimisi, övladına və ya yaxınına toy edəndə, kimisi maşın və ya başqa bir lazım olan əşya alanda, kimisi isə, mal – qara almaq üçün banklara, kredit təşkilatlarına üz tutub. Indi qazandıqlarını da krediti ödəyirlər.
Bir az da bazar qiymətlərinə nəzər salaq;
• 1 kq mal əti – 7 AZN, 1kq qoyun əti – 9 AZN;
• 1 kq Şəkər tozu – 1.20 AZN;
• 1 kq çay (250 qr) – 2 AZN;
• 1 kq yağ – 6 AZN (ən ucuzu);
• Un – 20 – 22 AZN və s.
Bunlar gündəlik tələbatların bir qismidir. Pal – paltar, ayaqqabı və digər xərcləri hesaba qatmasaq… hələ bir də, xeyir – şər işləri oldumu, aləm qarışır, ən azı üzr yeri 10 AZN, toy isə ölüsü, 20 AZN. Ölən və xeyir iş edən bir aləm söyüş qazanır. Yaxşı ki kəndlərdə kommunal xərclər azdır. Işıq pulu, bəzi kəndlərdə isə qaz pulunu çıxmaq şərtilə… kanalizasiya və zibil pulu heç olmazsa, yoxdur. 🙂
Həəə, bunlar Azərbaycan reallığıdır. Dövlət işində olanlar belə sürünmə həddindədir. Qaldıki, işləməyənlər… yaxşı ki, QHT – lər var, yoxsa, bu millət daha çətin vəziyyətdə olar, həm də ki, belə çətin bir millət…