Tag: Qarabag muharibesi

Fərqli ölkə, eyni tale

Orta məktəbdə oxuyan vaxtdan bizlərə vətənə sevgi, düşmənə nifrət təlqin olunur. Qafqaz ölkələrində bu tam bir qəhrəmanlıq sayılır. Məlumdur ki, bizim düşmənimiz də Ermənistan və erməni xalqı sayılır. Ermənilərin illərlə türklərə olan nifrəti və torpaq iddiası bu regionu hər zaman təhlükə altında saxlayır. Qarabağ müharibəsi isə hadisələrə vergül qoydu və arxasınca nöqtələr…. Çünki müharibə hələ bitmiş sayılmır, Azərbaycan torpaqları hələ də işğal altındadır. Mən müharibə haqqında yazmaq istəmirəm, onsuz da yazdıqca uzanır, məlum hadisələr.

Bugün hər iki ölkənin gəncliyi çətin vəziyyətdədir. Hər iki ölkədə gənclər fərqli qruplara bölünüb. Əksər qisim hələ də nifrətlə böyüyür. Çox az bir qisim var ki, onlar problemin sülhlə həllini və regionda sülhün və əməkdaşlığın bərpasını istəyirlər. Hətta, fikirləri qarışıq olanlar da var…

“Müharibədə qalib olmur”. Həm maddi, həm də mənəvi itkilər illərlə insanların yaddaşına həkk olunur. Qarabağ müharibəsində də qazanan nə Ermənistan oldu, nə də ki Azərbaycan. Rusiya illərlə millətlər arasına nifaq toxumu səpməklə, regionda öz ağalığını təmin edib, bu savaşda da qalib Rusiya oldu.

Hər gün mətbuatda qarşımıza çıxan xəbər: “Ermənistan tərəfi atəşkəsi pozub”. Bu təkcə bizim mediada deyil, həm də Ermənistan mediasında səslənir, amma fərqli ölkə adı ilə: “Azərbaycan tərəfi atəşkəsi pozub”. İnternetdən uzaq olan hər bir kəs ermənilərə nifrət edir, bu məlumatları eşitdikcə. Təbii ki, qarşı tərəfdə də vəziyyət eyni cürdür. Uşaqları və gəncliyi hər iki ölkə nifrətlə böyüdür. Media, təhsil nifrət aşılamaq üçün ən yaxşı vasitələrdəndir.

Hakimiyyətlər isə öz çıxarları naminə nifrət toxumu səpməklə çox uğurlu siyasət yürüdürlər. Hakimiyyətin sərt siyasətinə qarşı çıxan fəal gənclərin “antimilli ünsür” və “erməni dəyirmanına su tökənlər” adlandırılması buna əyani sübutdur. Bu təkcə bizdə deyil, həm də erməni tərəfdə belədir.

21 əsr informasiya dünyasıdır. İstədiyimiz məlumatları internet vasitəsilə əldə edə bilirik. Xaricdə təhsil sahəsində, elmi tərəqqi sahəsində ermənilər biz azərbaycanlılardan qat-qat irəli gediblər. Onlar dünyanın hər yerindədirlər. Bugün saytlara baxıb, erməniləri görəndə, etiraf edim ki, qısqanclıq məndə baş qaldırır. “Nəyə görə biz də yoxuq o sıralarda?” deyə düşünürəm. Biz nifrətlə yox, elmimizlə, savadımızla və ağlımızla savaşı qazanmalıyıq, qan tökməklə və ya nifrətlə yox. Təbii ki, mən də Qarabağın qayıtmasını və haqqımız olan torpaqlarda yenidən yaşamağı istəyirəm. Qarabağın Ermənistana verilməsi ilə qətiyyən barışmıram.

Əslində hər iki ölkə eyni taleyi paylaşır. Bir-birini şərləməklə, sosial şəbəkələrdə bir-birini təhqir etməklə qəhrəmanlıq etdiklərini düşünürlər. Hər iki tərəfdə millətçi insanlar var ki, övladlarına da nifrəti öyrədir, bu erməni tərəfdə daha çoxdur.  Amma vaxtilə bir yerdə yaşayıblar. Əminəm ki, müharibə məsələsi aradan qaldırılsa, yenə əvvəlki kimi birlikdə yaşayacaqlar və və keçmişi unudacaqlar. Sosial şəbəkələrdə qarşı tərəfi təhqir etmək və ya alçaltmaq qəhrəmanlıq deyil.

Müharibədə Azərbaycan torpaqlarını itirsə də, Ermənistan bizdən də çox şey itirdi. Regionda həyata keçirilən layihələrdən kənarda qalması bariz nümunədir.

Mən də millətçi hesab edirəm özümü. Rusiyanın illərlə həyata keçirdiyi antitürk siyasəti nəticəsində torpaqlarımızı itirə-itirə gedirik, və ermənilər ən yaxşı vasitə olub, çünki onlara da “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün fürsət lazımdır. Millətçi olsam da, müharibənin qan və ya nifrətlə həll olunacağına artıq inanmıram. Regionda sülhə, demokratik dəyərlərə nail olmaq istəyiriksə, mütləqdir ki xalqlararası dialoq və əməkdaşlıq olsun. Başqa cür həll yolu yoxdur. Təbii ki, xalqlararası dialoq və əməkdaşlıq üçün, ilk öncə hər iki ölkədə sistem dəyişməlidir. Çünki hər iki hakimiyyətlə sülhə nail olmaq mümkün deyil…

P.S. İlk dəfə ermənilərlə bir seminarda olanda, onlara salam verəndə Azərbaycana xəyanət etmiş kimi hiss etdim özümü. Doğrusunu desəm, hələ də erməni xalqına qarşı tolerant ola bilmirəm. Mən də fikri qarışıq olan gənclərdənəm 🙂

Advertisements