Tag: Qarabag qazisi

Qələbə Əliyev rejiminindir!

UntitledDünən (28 dekabr 2013) rayona gələrkən yolda bir neçə gün öncə özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun ölüm xəbərini öyrəndim. O an heç nə hiss etmədim. Sevincli idim, uzun müddət idi ki darıxdığım ailəmi görməyə gəlirdim, çünki. 5 dəqiqə sonra hadisə mənə çatdı; 5 azyaşlı uşaq və bir qadın kimsəsiz qalmışdı, və heç kim onlar üçün atanı əvəz etməyəcəkdi artıq….

2 gün sonra 2014 – cü il qədəm qoyur haqsızlıqların baş alıb getdiyi və harınlamışların ölkəsi olan Azərbaycana. 1 gün belə uzaq qala bilmədiyimiz (ən azından mən eləyəm) atamız var həyatımızda, amma o 5 uşaq artıq atalarını görməyəcək, pul hesabına insanların qanını içən və heç kimi insan saymayan Səttar Mehbalıyevin sayəsində…. onlar üçün yeni il heç nə ifadə etmir artıq…

Bir neçə gün əvvəl özünü yandırmışdı Zaur Həsənov. O Zaur Həsənov ki, Qarabağ müharibəsində döyüşüb əlil olmuşdu. Bakıda kiçik bir biznesi olub, amma Səttar Mehbalıyev həmin kiçik obyekti də çox görüb qaziyə. Və ona bildirib ki, nə qədər torpaq istəyirsən Qarabağda var, get torpaqları al və istədiyin qədər obyekt tik. Bəli, məhz belə deyib, cənab millət vəkili Səttar bəy. Gözünü pul tutmuş və qorxusu olmayan Səttar bəy…

Hadisədən sonra, çıxıb jurnalistlərə qazini günahlandırmağı da unutmadı, Səttar bəy. Maşallah, ali baş komandanın sevimli məmurları özü kimi çox “təvazökardır”.

Təvazökar prezidentimiz qazinin bütün müalicəsini öz üzərinə götürmüşdü, ona aylıq məvacib də ayırmışdı, hətta çox “hörmətli” baş quldurlar dəstəsindən Siyavuş və Mübarizi də göndərmişdi xəstəxanaya ki “baş çəkib” qulaq burması versin qaziyə. Qazinin atası da, dərhal müsahibə vermişdi ki, keçirik YAPa. Al sənə YAP…

Normal ölkələrdə özünəqəsd həddinə çatdırmaya görə şəxs həbs edilməli idi. Amma Səttar hələ də azadlıqdadı, üstəlik də utanmadan çıxıb müsahibə də verir. Adi hal alıb artıq vəziyyət, balıq başdan iylənər axı…

Hə, cənab prezident, yerin rahatdımı, rahat yatıb, rahat dura bilirsənmi? Kefin necədir? Yaxşı olarsan, sənin də övladların çörək yolu gözləmir ha, hər axşam demir ki mən də oxumaq istəyirəm, ata mənə filan şey al, ata, üşüyürəm, evimiz niyə soyuqdu? Sən vicdanına hesabat vermirsən axı, olmayan bir şeyə necə hesabat verəsən ki?!

Bir ölkənin ki prezidenti məmuruna söz deyə bilməyə, ölkəni idarə edə bilməyə, nə gözləmək olar ki? Insanlar özlərini yandırandan sonra ona pul verilə, onu pulla ala, da nə deyəsən ki. Sözüm yoxdur

Biz zatən çoxdan yanmışıq. Ilham Əliyev prezident seçildiyi gündən – 15.10.2003-dən….

Başın sağ olsun, vətən! Ermənilərin öldürə bilmədiyi qazimizi, özümüz öldürdük, susaraq və boyun əyərək, 20 il öncə Qarabağı ödürdüyümüz kimi…. Qazi isə alçalmadı, şəhid oldu…

Qələbə Əliyev rejiminindir!