Tag: xalq secdi

“Xalq seçdi!”

1381234_738302552862409_765695420_nHamının həyəcanla gözlədiyi 9 oktyabr prezident seçkiləri gəldi və getdi. Çox şeylə yadda qalda həmin gün. Mən də müşahidəçi qismində seçkiləri izlədim. Ilk dəfə idi ki, seçkilərdə bu qədər yaxından iştirak edirdim. Həyatım boyunca düşünmürəm ki bu qədər iyrəncliklərlə dolu seçki bir daha görəm. Keçim gördüklərimə…

Adı seçkiydi həminki günün, seçkidən başqa nəyə desəniz, oxşayırdı; toyxana, yasxana, dəlixana, bir sözlə “xana”larla dolu bir şey… Seçki məntəqəsinin qarşısında çay və yemək süfrəsi quran kim, yığışıb deyib – gülən kim. Əsl əyləncə idi. Məntəqələr daxilində isə əsl “toy – bayram” idi. Seçicilərin əlləri yoxlanılmır, barmaqları yoxlanılmır, topa bülletenlər atılır hər kəsin gözü qarşısında, “karusel” əməliyyatı edilir, bir şəxs bir neçə şəxsiyyət vəsiqəsi ilə gəlib səs verir, hətta ölülər də səs verirdi. O “müqəddəs” gündə o qədər yeniliklər gördüm ki, təsirindən bir neçə gün keçməsinə baxmayaraq, hələ də ayıla bilməmişəm. Hər şey bir yana, bu dəfə xeyli irəliləyiş var idi, çünki şəffaf demokratiya idi. Necə şəffaf idisə, gözlə görmək mümkün olmadı həmin demokratik seçkini. Adı üstündə: “şəffaf demokratiya”.

Xalq öz namizədini seçdi, sözün əsl mənasında. Hakimiyyət bu dəfə tam əminliklə və asanlıqla qələbə çaldı. Necə? Çox sadə yolla; xalqı manqurtlaşdıraraq… Səsvermə prosesi gizlidir və seçimini yalnız sən bilə bilərsən. Amma bizim camaatımız bunu başqa cür qəbul etdi. Çöldə qulaqlarına pıçıldadılar ki, İlham Əliyevə səs ver, və cammat kabinəyə daxil olub, gizli şəkildə İlham Əliyevə səs verdi. Anlaya bilmirəm, nədən qorxursan axı? Onsuz da səni heç kim görmür, ay insan, niyə növbəti 5 ilini də sürünmək istəyirsən? Məgər bəs deyildi, bu sistemdən çəkdiklərin?… Təsəvvür edin, cırıq şalvar – pencəklə gəlib seçkiyə, deyir “biz yalnız o kişini tanıyırıq, ona səs verəcəyik”. Digəri deyir ki, “bu yeyib doyub, o birisi gəlsə, lap belimizi qıracaq”. Pensiyaçı gəlib, deyir “Allah ondan razı olsun, pensiyamızı qaldırır hər il”. Məcburi köçkün deyir, “Allah bizim ömrümüzü ona bağışlasın”, digəri deyir, “hardadı İlhamın qutusu, mən ona səs verəcəm”. Işsiz cavan gəlib deyir “guya o birisi gəlib neyniyəcək, ən yaxşısı elə budu” və s… Daha nə qədər məzlum ifadələr… Böyüklü – kiçikli, müəllim, həkim, hər kəs saxtakarlıq üçün canfəşanlıq edirdi. 5 manat pul üçün hərkəs satmışdı olan – qalan vicdanını da… Təki pul olsun, heç bir dəyər önəmli deyil….

Cəmil Həsənlinin təbliğatı yaxşı getməmişdi, burada günahkar məhz hakimiyyət idi, təbliğat vasitələri – televiziyalar, radiolar, digər media vasitələri – hamısı onların əlindədi, görüş və mitinqlərə icazə verilmirdi, təbliğat posterləri yalnız lövhələrdə asılmalı idi, o lövhələr də ki, Allah bilir, haradadı. Heç ona baxan da yoxdu. “Sərbəst toplaşmaq haqda qanun” elə görüş və mitinq yerlərinin ayrılması cümləsində pozulur.

Namizədim seçilməmişdi, amma məni məyus edən xalqımın etdikləri, düşdüyü iyrənc durum idi.

Həmin gün sanki xülyadaydım, məntəqələri gəzdikdən sonra, maşına əyləşən kimi öz – özümə sual verirdim ki, “İlahi, görəsən mən yuxu görürəm, bu nədi belə?”. Hüseyn Abdullayevin “Susma”sına qulaq asırdım, çünki inanırdım ki, bu xalq məhz azadlıq üçün vuruşan xalq olub, 20 il bundan öncəki xalq deyilmi bu xalq? Çox xəyalpərəstəm və ideallaşdırmaq xəstəliyi məndə bitmir… Axşam Saat 10 – da qayıtdım evə, Bərdədə atəşfəşanlıq idi, İlham Əliyevin qələbəsi naminə…  Çox yorğun idim, evə çatan kimi yatmaq istədim, amma 2 saat yuxu keçmədi gözümə, telefonda “susma” hələ də oxuyurdu, təkrar – təkrar, boğazımda ilişib qalan qəhər nəhayət ki partladı, səssizcə gözümdən yaş axırdı… Elə də yatdım, sabah yenidən o xalqın arasında gəzmək üçün…

P.S. xalqı 1 tikə çörəkdən asılı hala salan da məhz bu hakimiyyətdir, bu rejimdir. Bu sistem çökməyincə, nəyəsə ümid etmək yersizdir.